"Hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır".
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb: "Avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir".
M.Babayev qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.
O əlavə edib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.
Nazir vurğulayıb ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub/Report.