Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinin tərkibinə verilməsi iqtisadi baxımdan olduqca təqdirəlayiq addımdır. Artıq bu qurum nazirliyin tərkibində olduğuna görə evlərin, mənzillərin çıxarışla təmin edilməsini tezləşdirəcək ki, bu işdən dövlət daha çox qazanacaq.
Bu sözləri Axar.az-a əmlak eksperti, iqtisadçı Elnur Fərzəliyev Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi, bunun səbəbləri və nəticələri ilə bağlı danışarkən deyib.
E.Fərzəliyev bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi elə əvvəllər də İqtisadi İnkişaf Nazirliyinin təkibində olub:
“2005-ci ilə qədər keçmiş İqtisadi İnkişaf Nazirliyinin tərkibində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. 2005-ci ildən sonra bu komitə Prezident sərəncamı ilə nazirlikdən ayrıldı. 24 iyun 2009-cu ildə isə Prezident fərmanı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradıldı.
Qeyri-dəqiq rəqəmlərlə götürsək, Bakı və Abşeronda ortalama 500 minə qədər çıxarışsız mənzil var. Bu problemin səbəbi həm də Əmlak Məsələləri Dövlət Komitəsi idi. Prezident Adminstrasiyası 2019-cu ilin martında Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıq verdi ki, Bakı şəhərindəki bütün sənədsiz fərdi həyət evləri Prezidentin amnistiyasına düşərək çıxarışla təmin olunsun. Ancaq bu proses çox yubandı.
Səbəb də o idi ki, burada torpaqların təyinatları fərqli idi. Məsələn, biri bələdiyyə sənədi ilə ev tikib, ancaq məlum olub ki, torpaq bələdiyyənin deyil, Neft Şirkətinindir, altından hansısa əhəmiyyətli kommunikasiya xətləri gedir”.
Əmlak eksperti bildirib ki, evlərə çıxarışların verilməsinin yubadılmasında təkcə vətəndaş deyil, dövlət də itirir:
“Bu gün alğı-satqı prosesləri daha çox həyət evlərində, xüsusilə, Xırdalan, Abşeron ərazisində sürətlə gedir. Bu evlərə çıxarışlar verilsəydi, dövlət büdcəsi bundan xeyli gəlir əldə edə bilərdi. Ancaq çıxarışlar olmadığına görə bu baş vermir.
Çıxarışlı mənzillərdə hər alğı-satqı zamanı kvadratına görə dövlətə pul, yəni vergi ödənilir. Ən çox alğı-satqı həmin ərazilərdə getdiyinə və ən çox da çıxarışsız mənzillər həmin ərazilərdə olduğuna görə burada itirən dövlət və dövlət büdcəsi olur”.
Ekspert bildirib ki, mövcud problemlər xarici vətəndaşların da Azərbaycanda daşınmaz əmlak almasına problem yaradırdı:
“Bu gün əksər evlərin çıxarışı olmadığına görə, xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka yatırım edə bilmirlər. Təsəvvür edin, bu qədər xarici investorları bir çıxarışa görə ölkədən uzaqlaşdırmış olduq. Bakıya nə qədər ərəblər gəlmişdi, başqa xarici turistlər gəlmişdi. Əksəriyyəti böyük pullar yatırmaq istəyirdi.
Bundan başqa, şəhərdə hündürmərtəbəli binalar tikilir. Neçə qurumdan, nazirlikdən sənədlər toplanır ki, bina tikilsin. İşlər gedir və bina tikilib istifadəyə verilir, ancaq Əmlak Məsələləri Dövlət Komitəsi çıxarış vermir. Faktiki olaraq bu səbəb həm öz vətəndaşlarımızı, həm də turistlərin bizim ölkədə daşınmaz əmlaka yatırım etməkdən uzaqlaşdırır.
Komitənin ləğv edilərək İqtisadiyyat Nazirliyinin tərkibinə keçməsi bu kimi problemləri aradan qaldıracaq”