Sumqayıt Apellyasiya Məhkəməsi vətəndaş Sulidin Orucovun sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinərək 500 manat cərimə edilməsi barədə Xızı Rayon Məhkəməsinin qərarını ləğv edib. "Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Xızı şəhərində müvəqqəti yaşayan Orucov Sulidin Qara oğlu 18 iyul 2019-cu ildə Yol Patrul Xidmətlərinin əməkdaşları tərəfindən cərimə edilib. Protokola əsasən, o, “Daewoo Nexia” markalı avtomobili yolun hərəkət hissəsində əks istiqamətdə saxladığı üçün sənədləri yoxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən edilib. Xızı Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qərarı ilə S.Orucov 500 manat məbləğində cərimə edilib. Həmin qərardan narazı qalan S.Orucov qərarının ləğv edilməsi üçün apellyasiya şikayəti verub.
O şikayətində bildirib ki, həmin gün avtomobilini Xızı şəhərində yerləşən bankın yanında saxlayıb, maşından kənarlaşıb. Bir müddətdən sonra yol patrul xidmətinin əməkdaşlarının maşına yaxınlaşdığını görüb, yaxına gəlib. YPX əməkdaşları sənədlərini yoxladıqdan sonra ona idarə etmək hüququnun etibarlıq müddətinin bitdiyini və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini bildiriblər. Onlara sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsini bilmədiyini, sərxoş olmadığ üçün yol patrul əməkdaşlarına etrazını bildirdikdə, polislər onu Xızı rayon Mərkəzi Xəstəxanasına gətirərək həkim müayinəsindən keçiriblər. Xəstəxana S.Orucovun sərxoş olmadığı barədə rəy verib.
YPX əməkdaşları onu yenidən müayinə etmək üçün Sumqayıt şəhərinə gətiriblər. Şikayətçi iddia edir ki, burada polislər öz tanış həkimlərinin vasitəsilə onu "sərxoş çıxarıblar". Sulidin Orucov Daxili İşlər Nazirliyinin 102 ximət mərkəzinə zəng edərək yol polis əməkdaşlarının ona qarşı qanunsuz, qərəzli hərəkətlər etdiyini bildirib. 22 iyulda isə məhkəmə onun cərimə edilməsi barədə qərar verib.
Qərardan verilən şikayətə baxan Sumqayıt Apellyasiya qərara gəlib ki, S.Orucovun sərxoş olması barədə rəy olsa da, birinci instansiya məhkəməsi işin obyektivliliyinə nail olunması üçün onun izahatlarının həqiqiliyini araşdırmayıb, avtomobilin hərəkətsiz vəziyyətdə olub-olmadığını müəyyən etmək üçün həmin ərazidə təhlükəsizlik kameralarının mövcud olub-olmadığını aydınlaşdırmayıb, polis əməkdaşları tərəfindən aparılmış videogörüntülərin olub-olmaması müəyyənləşdirilməyib. Həmçinin inzibati xəta materiallarında polis əməkdaşları tərəfindən sürücünün hansı şəraitdə, yəni avtomaşını idarə edərkən və ya yanında olarkən saxlanıldığı barədə sübut (polisin xidməti maşınından aparılmış videogörüntü, fotoşəkillər) öz əksini tapmayıb. Bundan başqa Sulidin Orucovun həmin vaxt avtomobili idarə edib-etməməsi faktı müəyyənləşdirilməyib. Bu səbəbdən yekun qərar olaraq, iş yenidən araşdırılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib.