"Mən Bakı Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvüyəm. Bu Şura Təhsil nazirinin müavini hörmətli Firudin Qurbanov tərəfindən yaradılıb. Firudin müəllim rektor əvəzi olanda, Şura çox aktiv fəaliyyət göstərirdi. Tənqidlərimizə cavab verirdilər. Əgər indi Şura üzvü kimi hansısa təklifim süngü ilə qarşılanırsa, düşünürəm ki, oarda qalmğıma heç bir lüzum yoxdur".
Mia.az xəbər verir ki, bunu tanınmış təhsil eksperti Etibar Əliyev deyib.
O bildirib ki, artıq həmin Şurada yoxdur: "BDU rəhbərliyinə və İctimai Nəzarət Şurasının üzvlərinə uğurlar arzulayıram".
Xatırladaq ki, E.Əliyev Bakı Dövlət Universitetinin həyətində iki dönərxananın fəaliyyətini tənqid etmişdi.
Onun aşağıdakı açıqlaması BDU rəhbərliyi tərəfindən süngü ilə qarşılanıb: "Dönər budkalarından biri Universitetin lap girişində, "Burada M. Ə. Rəsulzadənun büstü qoyulacaqdır" yazılmış daşın düz yanında fəaliyyət göstərir. Yaxşı, buna nə deyirsiniz? Camaat Rəsulzadənin büstünün açılmasını gözləyir, bunlar həmin yerdə dönər budkası açırlar.Statusuma yazılan şərhlərin bir neçəsi rektorun bu hərəkətinə bəraət qazandırır. Mən təhsil eksperti kimi istənilən təhsil müəssisəsində aparılan islahatları təqdir etmişəm. Ancaq bir simmetriya da olmalıdır. Universitetdə dönərxana əvəzinə ucuz yeməklər verilən səliqəli yeməkxana olmalıdır. Mənşəyi bilinməyən ətdən hazırlanmış dönərlə niyə tələbələri zəhərləyirsiniz? Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılmalıdır. Başqa universitetlərdən fərqli olaraq BDU-da buna imkanlar var.
Dünyada Universitetdən böyük dəyər daşıyıcısı yoxdur və ola da bilməz. Eşitdinizmi nə dedim...".