Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2013-cü il 31 may tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Fərmanla müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 38-7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Səhiyyə Nazirliyi həyata keçirir.
Qanuna aşağıdakı məzmunda 38-7-ci maddə əlavə edilib:
"Maddə 38-7. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.".
"Qafqazinfo"