Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbir AQTA əməkdaşları tərəfindən Şəmkir rayonunda keçirilib.
Qurumun mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.
Agentlik tərəfindən bundan sonra da bu istiqamətdə sağlamlaşdırıcı tədbirlər davam etdiriləcək.