Bəs yarana biləcək benzin qıtlığını aradan qaldırmaq üçün Aİ-92 markalı benzinin idxalına qərar verilməsi onun qiymətinin artmasına gətirib çıxaracaqmı?
“Yeni Sabah” xəbər verir ki, məsələni şərh edən iqtisadçı ekspert Pərviz Heydərova görə Nazirlər Kabinetinin Aİ-92 markalı benzinlərin ölkəyə idxalına tətbiq olunan müvafiq gömrük rüsumları sentyabrın 1-dən 90 gün müddətinə aradan götürmək haqqında qərarı ilə yanacağın qiymətlərini sabit saxlamaq qeyri mümkündür:
"Ümumiyyətlə, statistikanın verdiyi rəqəmlərə əsasən, ötəri təhlil aparsaq, istənilən halda orta perspektivdə benzinin qiymətlərinin artmasının qaçılmaz olduğu əyani görünür.
Əgər ölkə iqtisadiyyatı inkişaf edirsə, yanacağa tələbat daim yüksəlir. Bu, bir aksiomadır, yəni dünya iqtisadiyyatında belə iqtisadi artım zəifləyəndə neftin qiyməti aşağı düşür, əks proses gedəndə isə artım müşahidə edilir".
Ekspert hesab edir ki, ölkə iqtisadiyyatında, ümumi daxili məhsulda artım, əhalinin gəlirlərində, həyat tərzində yüksəliş varsa, bu zaman yanacağa tələbat artmaqda davam edəcək:
"Bunu qarşılayan isə adı çəkilən təmirə dayandırılan istehsal sahəsidir. Həmin müəssisənin isə Aİ-92 markalı neft istehsalı tələbatı tam şəkildə ödəmir. Rüsumların ləğvi yolu ilə daxildə yanacağın qiymətlərini stabil saxlamaq mümkünsüzdür. Buna nail olunsa belə, sabitliyi çox qısa zamanda saxlamaq olar. Belə olan halda Aİ-92 benzin markasının pərakəndə satış qiymətinin idxal xərcləri ilə əlaqədar olaraq, müvəqqəti artması iqtisadi cəhətdən qaçılmaz və labüddür. Digər tərəfdən, istənilən halda strateji məhsulların qiymətləri tələbata uyğun şəkildə mərhələli olaraq bir neçə ildən bir artmalıdır və bu da iqtisadiyyatın əsas qanunlarından biridir. Bu mənada əhali, vətəndaşlar və istehlakçılar anlamalıdılar ki, Aİ-92 ilə bağlı yaranmış situasiya, bazarın inkişaf dinamikası onu diktə edir ki, bu növ benzinin qiymətlərinin yaxın müddətdə artmamaq ehtimalı yoxdur".
Xatırladaq ki, cari ilin ilk yarısında ölkədə avtomobil benzininə tələbat 4,2% artıb. Son 30 ildə şəxsi minik avtomobillərinin sayı 4 dəfə artaraq 1,2 milyona çatıb və ildən ilə artmaqdadır. (moderator.az)