Bu sözləri APA-ya xəstəxananın baş həkiminin müavini Lətif Maqsudov deyib.
O qeyd edib ki, hadisə ötən gecə saat 20:30 radələrində İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Əvvəlcə onun oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.
Həkimin sözlərinə görə, uşağın ölü doğulmasının səbəbi hələ ki, məlum deyil: “Hamiləlik dövründə ana və bətnindəki uşaq bir necə dəfə müayinələrdən keçirilib və hər ikisinin vəziyyəti normal olub. Lakin, doğuş zamanı uşaq ölü olub. Sonradan ananın vəziyyəti qəflətən pisləşib, ürəyi sıxılıb və tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ana tromboemboliya diaqnozu ilə həyatını itirib. Qadın və uşağı həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişməyib. Bu barədə deyilənlər şayiədir. Doğuşu aparan ginekoloq həkim Məlahət Hüseynova ölən Şəhla Ağabalayevanın doğma əmisi qızıdır. Bu həkimlə yanaşı, digər tibb işçiləri də ananın həyatını xilas etməyə çalışıblar. Doğuş zamanı heç bir həkimin səhlənkarlığı olmayıb. Hər kəs diqqətli olub. Ananın vəziyyəti pisləşəndə xəstəxananın bütün peşəkar həkimləri orada olub. Hazırda Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyasının nümayəndələri İsmayıllı rayonundadır. Məsələ tam araşdırılmayana kimi uşağın və ananın ölümünün dəqiq səbəblərini demək çətindir. Məlumat üçün deyim ki, xəstəxanada ayda 70-75 doğuş olur və hamısı normal keçir. Son 15 ildə xəstəxanada ilk dəfədir ki, ana və uşaq ölümü faktı qeydə alınıb. Bu fakt onu göstərir ki, xəstəxananın doğum şöbəsində bacarıqlı həkimlər çalışır. Bu hadisə həkimlərin səhvi ucbatından baş verməyib”.
Ölüm faktı ilə bağlı qadının yaxın qohumlarının guya Mərkəzi Rayon Xəstəxanasına hücum etməsi ilə bağlı bəzi mətbuat orqanlarında yazılan məlumatları təkzib edən Lətif Maqsudov bildirib ki, Lahıc qəsəbə sakinləri qadının ölümünə görə yox, onun meyitinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsi tərəfindən daxili müayinə edilməsinə qarşı çıxıblar: “Şəhla Ağabalayevanın qohumları meyitin müayinəsinə imkan verməyiblər və onu Lahıc qəsəbəsinə apararaq bu gün torpağa tapşırıblar. Ananın meyitinin təşrih olunmaması isə ölümün səbəblərini araşdırmaq üçün müəyyən problemlər yaradır”.
Dünyasını dəyişən qadının atası Aydın Ağabalayev də APA-ya bildirib ki, qızının ölümündə həkim səhlənkarlığı yoxdur: “Bu Allahın qədəri, qismətidir. Mən heç bir həkimdən şikayətçi deyiləm”.
Qeyd edək ki, Şəhla Ağabalayevanın iki qız övladı var. O, Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyirdi.
Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır.