Belə ki, məhkəmə iclasında Sevinc Abbasovanın keçmiş işçiləri onun əleyhinə ifadələr veriblər, onun ünvanına ittihamlar səsləndiriblər.
Məktəbin tibb bacısı, psixoloqu hadisədən sonra vaxtında təcili yardım çağırmamaqda, Elina ilə bağlı problemə səhlənkar yanaşmaqda Sevinc Abbasovanı ittiham edirlər.
Hətta məhkəmə iclasında intihar baş verən məktəbdə təcavüz halının olması ilə bağlı da ittihamlar var idi.
Bu ittihamlara cavab verən S.Abbasova bütün bu deyilənlərdə Məlahət Hüseynovanı suçlayıb. Deyib ki, bu sözlər M.Hüseynovanın uydurmasıdır.
"Məlahət Hüseynova belə yalan məlumatları qəsdən yayır. Bu adam müəllim adına yaraşmayan hərəkətlərə görə işdən çıxarılıb. Qisas almaq üçün belə deyir”- deyə Sevinc Abbasova bildirib.
Məlum olub ki, M.Hüseynova məktəbin direktor müavini olubmuş. Onunla Sevinc Abbasova arasında ədavət var imiş.
M.Hüseynova hətta bir müddət məktəbdə direktor əvəzi də olub.
Bildirək ki, Elinanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Lakin Sevinc Abbasova özünü təqsirli bilmir.
Sevinc Abbasova ilə Məlahət Hüseynovanın məhkəmə çəkişməsi haqda...
Məlahət Hüseynova Bakı şəhər Təhsil İdarəsi müdirinin 19 sentyabr 2017-ci il tarixli əmri ilə direktor müavini vəzifəsindən azad edilib.
Məlahət Hüseynova 162 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə müdir müavini olub.
İşdə olan sənədlərdən görünür ki, Bakı şəhər Təhsil İdarəsi Sevinc Abbasovanı 2016-cı ilin fevralında məktəbə direktor təyin edib.
Sevinc Abbasova həmin ilin sonunda Məlahət Hüseynovdan şikayətçi olub.
Yeni direktor kimi, idarəyə yazdığı məktubda Məlahət Hüseynovanın fəaliyyətindən narazılığını bildirib. Sonra da məktəbin müəllimlərindən Məlahət Hüseynova haqqında şikayətlər yazdırıb. Onun normal iş ahəngini pozduğu bildirilib.
Məlum olub ki, bundan sonra 3 fevral 2017-ci il tarixli əmrlə məktəbdə araşdırma aparılıb. Bu zaman onun üzrsüz səbəbdən işə gəlməməsi, dərsləri bitmədən çıxıb getməsi və s. hallar üzə çıxıb.
İddiaya görə Məlahət Hüseynova işlədiyi müddətdə müxtəlif vaxtlarda məktəb rəhbərliyi və müəllimlərinə qarşı kobud rəftar edib, qeyri-etik, təhqiredici ifadələr işlədib. Bununla da Məlahət Hüseynova öz hərəkətləri ilə təhsilverənin adına və nüfuzuna, habelə təhsil müəssisəsinin və həmkarlarının işgüzar nüfuzuna xələl gətirib, "Təhsil haqqında” qanunun "Müəllimlərin etik davranış qaydalarının” tələblərini pozub.
Bu əmrdən narazı qalan M.Hüseynova vəzifəsinə bərpa tələbilə məhkəməyə müraciət edib.
Hüseynova iddia ərizəsində işə bərpa olunmaqla yanaşı həm də onunla müqaviləyə xitam verildiyi gündən işinə bərpa olunacağı günə qədər əməkhaqqının ödənilməsini də istəyib.
Həmçinin işlədiyi son dövrlərdə ayrı-seçkiliyə məruz qalması, dərs verilməməsi ilə əlaqədar maddi ziyana görə 4200 manat, mənəvi ziyana görə isə 2000 manat kompensasiya tələb edib.
İddiada cavabdeh kimi Bakı şəhər Təhsil İdarəsi göstərilib.
Məhkəmə prosesinin gedişatında maraqlı məqamlar üzə çıxıb.
Məlum olub ki, 162 saylı orta məktəbin müəllimləri məhkəmədəki ifadələrində Sevinc Abbasovanın günahkar olduğunu deyiblər.
Qalmaqallı məktəbin ingilis dili müəllimi Zahirə Allahmanova dindiriləndə deyib ki, Sevinc Abbasova ilə ondan əvvəl iki il ərzində direktor vəzifəsini icra etmiş Məlahət Hüseynova arasında narazılıq olub. Ona görə də Sevinc Abbasova təzyiq altında bütün müəllimləri Məlahət Hüseynovadan şikayət yazmağa məcbur edib.
Şikayət Bakı şəhər Təhsil İdarəsinə yazılıb. Zahidə Allahmanova deyib ki, şikayət yerə və məcburi yazılıb.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Telman İbişov məhkəmədə deyib ki, Sevinc Abbasova Məlahət Hüseynovanın guya işə gəlməməsi barədə xeyli aktlar tərtib edib, müəllimlər də direktorun təzyiqindən qorxub o aktları imzalayıblar. İdman müəllimi Elnarə Qasımova da məhkəmədə deyib ki, direktor müəllimləri direktor müavinindən Bakı şəhər Təhsil İdarəsinə kollektiv şikayət ərizəsi imzalamağa məcbur edib. Lakin o, həmin ərizəyə imza atmaqdan imtina edib.
Bu işdə maraqlı detal budur ki, adları çəkilən müəllimlər bu izahatları 2017-ci ilin oktyabr-noyabr aylarında veriblər. Həmin ərəfədə isə Sevinc Abbasova məktəbin direktoru vəzifəsində işləyirdi.
Nəsimi Rayon Məhkəməsi kompensasiya məsələsi istisna olmaqla, qalan hissədə keçmiş direktor müavininin iddiasını təmin edib – Məlahət Hüseynovanın direktor müavini vəzifəsinə bərpa edilməsi, 19 sentyabr 2017-ci ildən qətnamə icra olunan günə qədər əməkhaqqının hesablanıb ödənilməsinə qərar verilib.
Qeyd edək ki, Bakı şəhər Təhsil İdarəsi Məlahət Hüseynova haqqında əmrin ləğvi və ona əməkhaqqı ödənişi barədə məhkəmə qərarından narazı qalıb.
Yuxarı instansiya məhkəmələrinə edilən şikayətlər nəticəni dəyişməyib.