“Evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, sosial evlər isə kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir”.
Xeyli müddət idi ki, bir çox evsiz ailələrin ümid yerinə çevrilən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi sosial evlər layihəsi əsas etibarilə ümidləri doğrultmadı. İlk öncə, güzəştli mənzillərə sahib olmaq üçün qoyulan şərtlər doğrudan da mənzilə ehtiyacı olan ailələrin böyük qismini namizədlər siyahısından kənar qoydu.
Şəhid ailələrinin üzvlərini, milli qəhrəmanları, məcburi köçkünləri nəzərə almasaq, belə mənzillərin digər şəxslər, yəni ki, yalnız elmi dərəcəsi olanlar, uzun müddət dövlət qulluğunda işləyənlər, daxili işlər orqanlarında çalışanlar kimi kateqoriyalara aid vətəndaşlar üçün nəzərdə tutulmasının sosial ədalət prinsipinə uyğun qərar olduğunu söyləmək çətindir. Çünki belədə layihənin şərtləri sosial ev anlayışı ilə ziddiyyət təşkil edir.Digər tərəfdən, təklif edilən evlərin qiymətləri mənzil bazarındakı orta qiymətlərdən bir o qədər də fərqlənmədi. Ötən il mənzillərin paylanması zamanı elektron mənzillərin satışa çıxarıldığı e-gov.az saytının çökməsi və 3 gün işləməməsi, nəticədə müxtəlif anlaşılmazlıqların, sualların və şübhələrin yaranması isə ümumilikdə bu layihənin şəffaflığına olan ümidlərə böyük zərbə vurdu.
Elə bütün bu qeyri-qənaətbəxş işin və yanaşmanın da nəticəsi bu gün göz qabağındadır – sosial evlər kirayəyə verilir. Bəli, nisbətən güzəştli mənzillərə sahib olanların bir qismi artıq xeyli müddətdir ki, öz evlərini kirayəyə verirlər. Kirayə mənzil elanlarında belə evlərin sayı getdikcə artır. Bu, o deməkdir ki, həmin mənzillər gerçəkdən də ona tələbatı olanlara deyil, bir neçə yerdə evi olan imkanlı şəxslərə, bəzən isə işbazlara nəsib olub.
Bu mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov da öz sosial şəbəkə səhifəsində fikirlərini bölüşüb. Onun sözlərinə görə də, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb: “Sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.”
İqtisadçı qeyd edir ki, sosial evlərlə bağlı layihə hazırkı reallığı yox, tam başqa nəticəni verməli idi: “Sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzillə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması nəinki arzuolunan deyil, həmçinin yolverilməz olmalıdır. Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahibi olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yaradır: evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir”.
V.Bayramovun fikrincə, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır: “Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada təkcə müraciət edənin deyil, ailə üzvlərinin də adına mənzil olub-olmamasına baxılmalıdır. İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istifadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlər vəsaiti hesabına inşa edilir və evlərə sahiblikdə sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsini minimumlaşdırar və gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər.”
Bütün bunlarla yanaşı, elə sosial evlərin yerləşdiyi ünvanlara da baş çəksəniz, burada heç də mənzil sahiblərinin böyük qisminin sosial təminatının aşağı olmadığı qənaətinə gəlmək olar. Təkcə bu binaların həyətlərində sakinlərin parklanmış avtomobillərinin marka və qiymətlərinə fikir versəniz, burada yaşayanların sosial vəziyyəti barədə müəyyən fikir formalaşa bilər və görərsiniz ki, bunların bir qismi qətiyyən kasıb filan deyil.
Əlbəttə ki, belə evlərə sahib çıxanlar arasında doğrudan da mənzilə ehtiyacı olan və sosial vəziyyəti qənaətbəxş olmayanlar da var. Ancaq təəssüf ki, əksinə, qətiyyən kasıb kateqoriyaya aid edilməyəcək insanlar da kifayət qədər çoxdur və bir daha qeyd etməliyik ki, belə mənzillərin kirayəyə verilməsi faktı da bunu təsdiqləyir.
Əslində isə bu evlər dünya praktikasında olduğu kimi, doğrudan da aztəminatlı ailələrə simvolik qiymətlərlə kirayəyə verilməli idi. Ancaq yenə də kimlərinsə maraqları əhalinin kasıb, aztəminatlı təbəqəsinin, gənc ailələrin maraqlarından üstün tutuldu. Və sosial evlər layihəsi də etinasızlığın, acgözlüyün qurbanına çevrilərək, iflasa uğrayan növbəti bir uğursuz layihədən başqa heç nə olmadı…