Bu gün tanınmış jurnalist Xalid Kazımlının paylaşdığı və üzərində ermənicə yazı ilə diqqət çəkən “Choco Pie” şirniyyatı geniş müzakirəyə səbəb olub. Hər kəs bu məhsulun Bakıda supermarketlərə necə çıxması ilə maraqlanır.
BakuPost.az xəbər verir ki, axar.az-ın apardığı araşdırma isə daha ciddi faktı ortaya qoydu.
Məlum oldu ki, bu məhsul iki cürdür və təkcə “Bazarstor” mağazalar şəbəkəsində deyil, bütün iri supermarketlərdə - “Araz”dan tutmuş “Bravo”ya qədər - hər yerdə satılır. Ancaq olduqca mühüm fərqlə. Belə ki, ermənicə xüsusi təqdimatlı “Choco Pie”ni yalnız “Bazarstor”da görə bilərsiniz, başqa supermarketlərdə tamamilə fərqli, orijinal “Choco Pie” satılır.
“Choco Pie” niyə iki cürdür?
Azərbaycana bu məhsul Rusiyadan idxal olunur. Rusiya bazarında klassik “Choco Pay”ın satış markasının sahibi olan iki istehsalçı var və məhsullar fərqli fabriklərdə istehsal olunur. Onlardan biri “Choco Pie Orion” (orijinal), digəri isə “Choco Pie Lotte”dir.
1974-cü ildən istehsal olunan və Azərbaycandakı marketlərdə görməyə adət etdiyimiz, hər zaman aldığımız məhsul “Orion”dur. Moskva və Novosibirskdə zavodları var.
Maraqlıdır ki, “Orion”un qutusunun üzərində gürcü dilində təqdimat daha böyükdür və fərqləndirilib.
“Lotte” isə ölkəmizdə daha az tanınır. Qutunun üzərində fərqləndirmə yoxdur, ancaq şirniyyatın öz paketində (daxildə) erməni dilində yazı fərqləndirilib. “Bazarstor”da satılan bu “Choco Pie” 1983-cü ildən istehsal olunan “Lotte”dir. Bu şirkətin zavodu Rusiyanın Obninsk şəhərində yerləşir.
“Choco Pie”ni Azərbaycana kimlər gətirir?
Fərq və ayrılmalar da burdan başlayır: “Choco Pie”ni ölkəmizə iki şirkət idxal edir və marketlərə paylayır – “Veysəloğlu” və NANT.
“Veysəloğlu”nun rəsmi müqavilə ilə tərəfdaş olduğu və ölkəyə idxal etdiyi “Choco Pie Orion”dur. Bu məhsulun keyfiyyəti və üstündəki yazısı tamamilə fərqlidir və heç bir narahatlıq yaratmır. Azərbaycanın, o cümlədən Bakının böyük supermarketlərində də “Orion” satılır.
Üstündə daha iri ermənicə təqdimat verilən Choco Pie Lotteni NANT gətirir, satış yeri isə yalnız “Bazarstor”dur.
“Lotte”ni Ermənistan da idxal edir. “Lotte”ni Ermənistana idxal edən şirkət Alvard Vardanyan MMC-dir.
Sözügedən şirkət Ermənistanın özündə fırıldaqçı bir şirkət kimi tanınır. Hələ mart ayında Ermənistanın Qida məhsullarının Dövlət Təhlükəsizliyi Xidməti “Alvard Vardanyan“ (АЛВАРД ВАРДАНЯН) şirkətinin bazara çıxardığı şirniyyatların standartlara uyğun olmamasını aşkar edib. “Sputnik Ermənistan” istifadə müddəti keçmiş məhsulların üzərinə ikinci yalançı istehsal tarixi yapışdıraraq onları bazara çıxaran bu şirkəti ifşa edib. Sözügedən şirkətin anbarında səlahiyyətli şəxslər yoxlama keçirərkən 132 növ standartlara uyğun olmayan məhsul aşkar edib.
Qida məhsullarının Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamadan sonra satışına qadağa qoyulan bu məhsulların aqibəti necə olub? Kim zəmanət verə bilər ki, Ermənistan ərazisində istifadə müddəti keçmiş məhsulların istehsal tarixini asanlıqla dəyişib satışa çıxaran bir şirkət həmin malları Gürcüstan vasitəsilə Azərbaycana ötürməyib?
“Lotte”nin dizaynı
Təqdim etdiyimiz fotolardan da fərqi görə bilərsiniz. “Choco Pie Orion” (orijinal) qutusunun üzərində istehsalçı ölkənin dilində normal, heç bir fərq qoyulmadan təqdimat görmək mümkündür.
“Choco Pie Lotte” şirniyyatlarında isə ermənicə yazılar daha böyük əks olunub və bu da diqqətdən yayına bilməz. Bu fakt “Lotte” zavodunun erməni mənşəli şəxslər tərəfindən idarə edildiyini təsdiqləyir.
“Veysəloğlu” hansı məhsulu satır?
Veysəloğlu MMC-nin PR və Marketinq Kommunikasiyaları şöbəsinin müdiri Aynur Musayeva Axar.az-a bildirib ki, şirkət tərəfindən mağazalara paylanılan “Choco Pie” adlı məhsul ”Orion” markasına məxsusdur. Bu marka isə Koreyanındır:
“Azərbaycan və Qafqaz ölkələrinə “Orion” Rusiya fabrikində istehsal edilərək göndərilir”.
Mətbuat katibi qeyd edib ki, “Veysəloğlu” məhsulun üzərində Azərbaycan dilində informasiya olub-olmamasına diqqət edir.
NANT niyə hamını təhqir edir?
Əlbəttə, araşdırmanın tamamlanması üçün NANT şirkətinin münasibətini bilmək maraqlı olardı. Həmçinin o da maraqlıdır ki, niyə NANT məhz “Lotte” idxalını həyata keçirir.
Təəssüf ki, NANT şirkəti redaksiya və media ilə hədə dilində danışır.
“Bazarstor”dan qəribə reaksiya
“Bazarstor” 3 gün müddətində bu məhsulların satışdan yığışdırılacağı barədə açıqlama versə də, hələlik, normal satış davam etdirilir.
Üstəlik, “Bazarstor”un redaksiya ilə əlaqə saxlayan mətbuat katibi Günay Novruzqızı “Lotte”nin Rusiyada istehsal edildiyini və erməni məhsulu olmadığını bildirdi. Görünür, supermarketlər şəbəkəsi ermənilərin istehsal etdiyi məhsulun satılmasında maraqlıdır.
“Bazarstor”un PR meneceri G.Novruzqızı ermənicənin birinci və fərqli verilməsini isə “əlifba sırası ilə” əlaqələndirdi.
Ancaq maraqlıdır ki, “Lotte”nin qutusunun üzərində ruscadan sonra azərbaycanca gəlir, ermənicə (armeniya) daha sonradır. Qutunun içində paketlənən şirniyyatda isə ermənicə ilk yerə qaldırılır və fərqləndirilir.
Maraqlı və diqqətçəkici yanaşmadır.
Bir maraqlı məqam da var: “Choco Pie Lotte” məhsulları daha baha təklif edilir və yaxud “Bazarstor”da baha satılır.
Qeyd edək ki, bu məhsulu ölkəyə idxal edən və satışını həyata keçirən NANT şirkəti ilə bağlı araşdırma aparılması üçün rəsmi qurumlara müraciət edilib.