Bakı Baş Dövlət Yol Polisinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır.
Avtomobilim vurulub və forma 4 deyilən arayışı bu adamdan almalıyam. Binəqədi DYP-də bir neçə ay əvvəl 1 günə vermişdilər bu sənədi - həm də hörmət-izzətlə. Yaxşının da adını deyim - Fuad Məmmədov idi.
Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. "100 manat versən, bir günə verə bilərəm" dedi. Çaşdım açığı. "Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim" dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla danışdığımı dedim və onun da xahiş etdiyini çatdırdım. Vecinə də almadı. "Səhər gəl" dedi. Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi. Sənədi almaq üçün aləmi bir-birinə qatmaq lazım oldu. Mən dava-dalaş salanda məlum oldu ki, ayın 10-da bu adam sənədi poçta verib, mənə də deyib ki, gəl götür. Gəlmişəm sənəd yox, bina bir-birinə dəyəndən sonra Elşad adlı inspektorların rəisi gəlib ki, bəs sənədin poçtla göndərilib.
Hə, DYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu deyilən bu balaca nicatlar özbaşlarına bu rüşvəti belə leqal yığa bilməzlər. Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir forma 4 arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki soyasan vətəndaşı. Bu qanəmicilərin gözləri doyacaqmı nə zamansa?!..
Yazı yazıb başlarına od ələyəndə bizə hər zaman deyirlər ki, əlaqə saxlayın, mətbuat xidmətləri ilə danışın, dərdinizə dərman qılsınlar. Edirik. Danışırıq. Elə o səbəbdən də Vaqif Əsədovla əlaqə saxladım. Mübarəkin 3 nömrəsinə təxminən 25-30 dəfə zəng edəndən sonra Vaqif müəllim telefona - ikinci gün cavab verdi. Şirin dili ilə Nicat Cəlilovun, sonra dəftərxana müdiri Rəna Mehdiyevanın (soyadı necə də təntənəli səslənir) yanına göndərdi. Hamısı da hörmətsiz qarşıladı. Vaqif Əsədovun BDYP-də bir qəpiklik hörməti və nüfuzu yoxdur.
Bunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisinin sözünü belə hesaba almayan, hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım torba tikib günahsız insanları şərləyib həbsxanalara dolduran Korrupsiyaya qarşı (guya) Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır.
İ.S. Bir an öncə Nuşirəvan Səfərov işindən qovulmalı, mətbuat xidməti də dəyişməlidir...
Zəruri qeyd: Yazı jurnlastin feysbuk səhifəsində yayılıb.