Azərbaycan sularında qanunsuz balıq ovu "soyqırım” həddinə çatıb.
Yenimeydan.info BakuPost-a istinadən xəbər verir ki, balıqların kürü tökdüyü dövrdə ovlanması qadağan edilsə də, demək olar ki, hər yerdə balıqçı torlarına rast gəlinir. Kürü dövründə balığın ovlanması onların kökünün kəsilmə si və körpə balıqların məhv olması riskini yaratdığından, bu, kütləvi narazılığa səbəb olmağa başlayıb. Belə ki, qurulan torların, qalıq ovunu əks etdirən videolar sosial şəbəkələrdə paylaşılır və aidiyyəti qurumlara bu "terrorun” qarşısının alınmasına çağırışlar edilir. Bildirilir ki, istər Bakının Xəzər sahili boyunca olan hissəsində, istərsə də ayrı-ayrı göllərdə, kanallarda, çaylarda saysız-hesabsız torlar quraşdırılıb, balıqların kütləvi şəkildə məhvi həyata keçirilir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova BakuPost-a bildirib ki, nazirlik bütün imkanlarından istifadə edərək, qanunu pozan şəxslərin çəzalanmasına çalışır:
"Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir”.
Nazirlik rəsmisi bildirib ki, indi balıq ovu rəsmən qadağan edilsə də, təəssüf ki, brakonyerlər iş başındadırlar:
"İndi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadlara səbəb olacaq”.
İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir. Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib.
Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir: "Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya Nazirliyə məlumat verməkdir. Məncə bu cür yanaşma daha effektiv və faydalı olar.
Onu da deyim ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır.
Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa çağırırıq”.
Mətbuat katibi yayılan bəzi videoların araşdırılmasının çətin olduğunu da dilə gətirib. Onun sğzlərinə görə, məsələn, nərə balıqlarının harada ovlandığını müəyyənləşdirmək olmur:"Amma həmin şəxslərin saxlanması üçün aidiyyəti qurumlara müraciət etmişik”.
BakuPost-un əldə etdiyi məlumata görə, artıq problemlə bağlı daha yuxarı dairələrə məruzə olunub. Qanunu pozan şəxslərin tapılması və cəzalandırılması üçün hüquq-mühafizə orqanlarının da köməyindən istifadə olunacaq.