"Müəllim Sevinc Əzimova ilə arasında yaşanan insidentlə bağlı məktəbimizin 7-ci sinif şagirdi ilə həm məktəbin psixoloqu, həm də mən özüm söhbət eləmişəm. Uşağın valideynləri də polisdəki şikayətlərini geri götürüb, gəlib məktəbdə müəllimlə də danışıb, barışıblar”.
Bunu Bakupost.az-a açıqlamasında 205 saylı orta məktəbin direktoru Xoşqədəm Bağırova deyib.
Direktor bildirib ki, 7-ci sinif şagirdinin valideynləri məsələ ilə bağlı onlara şikayət etdikdən sonra dərhal məktəbdə müəllim və valideynlərin də iştirakı iclas keçiriblər: "Biz məktəb daxilində həm müəllim, həm də bu məsələdə adı çəkilən şagirdimizlə bağlı bütün tədbirləri gördük. Uşağımızla məktəbin psixoloqu da söhbət etdi. O özü də narahatdır ki, bu məsələ necə olub, mətbuata çıxıb”.
X.Bağırova onu da deyib ki, sözügedən məsələ ilə bağlı müəllim Sevinc Əzimova tənbehlənib, ona bu barədə xəbərdarlıq edilib.
**
16:12
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır.
Yenimeydan.info-nun "Report”a istinadən xəbərinə görə, Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayət edərək bildirib ki, Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib.
Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq saçını kəsdirməyəcəyi təqdirdə, uşaqların gözü önündə onun saçını özünün kəsəcəyini bildirib.
Məsələ ilə bağlı Sevinc Əzimova Binəqədi Rayon Polis İdarəsinə çağrılaraq izahatı alınıb. Müəllim şagirdin saçı uzun olduğu üçün ona irad tutduğunu, saçını kəsdirməyəcəyi təqdirdə, özünün kəsəcəyi barədə hədələdiyini etiraf edib.
36 yaşlı S.Əzimova 14 ildir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir.
Faktla bağlı araşdırmalar davam etdirilir.