Kriminalist İlqar Altay Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini, Xalidə Bayramovanın 162 saylı məktəb şagirdi Elina Hacıyevanın intiharı və ölümü ilə bağlı verdiyi açıqlama haqda ekspert rəyi verib.
“Yeni Sabah” bildirir ki, X. Bayramovanın açıqlaması ilə bağlı sıravi vətəndaşlardan tutmuş ictimai, siyasi insanlar və media mənsublarına kimi, narahatlıqda olanlar suallarını bildirib. Və sualların əksəriyyəti məntiqli və diqqətəlayiqdir.
İ. Altay ortaya çıxan yeni situasiya, əlavə sual və xüsusatlarla bağlı deyib:
X. Bayramova qeyd edir ki "Aprelin 4-ü səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova zəng etdi ki, şagirdlərdən biri pəncərədən yıxılıb". Şagirdin özünü atması hər kəsin gözü qarşısında olub, bunu da direktora o cür də məlumat veriblər (istintaqla da bu təsdiq olunacaq) və siz də şübhəsiz, məktəbə yetişən kimi bunu bildiniz. Digər tərəfdən bildirirsiniz ki hadisədən 1 saat 3 dəq sonra gəlib gördünüz ki, hələ təcili tibbi yardım çağırmayıb direktor. Elə isə, direktorun təsadüfən "yıxılma" yalanını həm də təcili yardımın qarşısını almasını bilib, onun bu işi ört-basdır eməsi fikri yaranmadımı sizdə? Rəhbərliyə və hüquq-mühafizə orqanlarına belə bir açıq ört-basdır, gizləmə faktını bildirdinizmi? Niyə, heç olmasa indi, açıqlamada ictimaiyyətə bildirmirsiz, direktorun hərəkəti barədə fikrinizi, iradınızı? Onu təhsil nazirliyi işdən çıxarandan, prokurorluq onu cinayət məsuliyyətinə alandan, ictimaiyyət bu qədər kəskin qınayandan sonra.
Qeyd edir ki, "yolüstü baş vermiş bu hadisə haqqında polisə məlumat verdim". Niyə yalnız polisə, təcili yardıma isə yox? Polisə məlumat verdinizsə, sizin gəlib çatdığınız 1 saat müddət ərzində polis niyə çatmamışdı ora? Çatmışdısa, hadisə yerini, fakt sübutları qoruyurdumu polis? Və polis niyə özü təcili yardımı çağırmayıb, niyə iştirak etmirdi şagirdi videoya çəkdiyiniz həmin direktor otağında? Ümumiyyətlə, həmin 2 saat müddətində məktəbdə olubmu polis? Olubsa, DİN açıqlama verərməli idi, hadisə barəsində. Müstəntiq və operativ qrup da olmalı idi orada həmin dövrdə, polis bilirdisə... İntihar idi axı bu.
Qeyd edir ki, direktor otağında, xəstəxanada videoları o çəkib. Bir neçə gün əvvəl isə, "mən çəkməmişəm" açıqlaması verib. Nədəndir bu?
İ. Altay qeyd edir ki, suallar çoxdur, hələlik bunlar kifayət edir ki, X. Bayramovanın hadisə barədə və ən azından cəmiyyətə qarşı qeyri-səmimi olması bilinsin. “Daha da dərin suallara isə istintaqın gedişinnə müdaxilə etmək və qanuniliyini də şübhə altına almaq kimi çıxmaması üçün, hələlik saxlayaq.
Ancaq, xanım Bayramovaya, bilmək lazımdır ki, məktəb binasındakı mərtəbənin hündürlüyü yaşayış binasındakından 1,5 - 2 dəfə yüksəkdir. Elinanın atıldığı yüksəklik də təxmini 5 mərtəbə hündürlündə olub. Bu yüksəklikdən düşən zərif qız uşağında üzdə olmasa belə, daxildə massiv dağıntılar baş verir, yumşaq torpaq üstünə belə düşsə. Praktikamda, Rusiyada 5 km yüksəkdən paraşüt açılmamış və əsgər qar qatının üstünə düşmüşdü. Üzərində bir dənə sıyırıq-cızıq belə olmasa da, daxildə bütün sümüklər və orqanlar xurd-xəşil olmuşdu, ölümlə! Bu uşaqda da çox yəqin ki, qapalı (yəni xaricdə açıq yarasız) kəllə-beyin travması olmuş, zərbədən daxildəki beyin zədələnmiş və gizli, tədrici beyindaxili qanaxma olmuşdur. Bu halda insan bir müddət, hətta 2-3 gün yaşaya bilir, ləng-kefli kimi görsənir və tibbi müdaxilə, vaxtında diaqnoz qoyulmaqla olmasa qan daxildə yığılır. Təzyiq edib beyini sıxır, ölüm baş verir.
Bunu travmotoloqlar, neyro-cərrahlar yaxşı bilir. Bunları xanım Bayramova, niyə belə açıq detallı yazdım? Bax siz, direktorun otağı və xəstəxanada Elina ilə video-çəkiliş, sorğu-suala vaxt apardığınız zaman, o qızcığaz hər saniyəni həyatdan gedirdi, lazımi yardımlar edilmədən. O səbəbdən də gözü yumulur, başı axır, halsızlıqla suallara cavab verə bilmirdi. Düzdür, bu deyilən simptomu ixtisasınız üzrə siz bilməzdiniz, bunu o həkimlər, tibb müəssisəsi dərhal bilməli idilər.
Lap, daxili üzvlərin zədəli qanaxma səbəbi olsa belə fərq etmir. Amma xanım, sizin bu hadisədə əvvəldən-axıra kimi, ən azı vəzifə səlahiyyəti ilə bağlı pozuntularınız var. Qalan çox, dərinini isə qoy istintaq zəhmət çəkib aşkar-müəyyən etsin.
Mənim fikrimcə, bu qeyri-səmimiyyətlə, bu cür vəzifə davranışı-səhlənkarlığı, etinasızlığı, həm də diqqətsizlik və səriştəsizliyilə X. Bayramova paytaxt Bakının Səbail kimi mərkəzi Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində işləməməlidir. Bu, dövlətçiliyə zərərli və ictimai narazılıq-narahatçılıq halı yaradardı. Respublika Uşaq Fondu Səbail rayon şöbəsi sədri olmaqla və uşaqlara qayğı etibar edilməsi ilə, lap betər.
X. Bayramovanın bu məsələ ilə bağlı daha agır, cinayət tərkibli əməlinin (hərəkət-hərəkətsizliyi) aydınlaşması istintaqın üzərində və vicdanında olacaq. Və bu da müstəqil, bilgili mütəxəssislər vasitəsi ilə ictimaiyyətin nəzarətində olar, yəqin”.