Prezident İlham Əliyev "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Mia.az xəbər verir ki, qanuna edilən dəyişikliyə görə, geoloji parklar da xüsusi mühafizə olunan ərazilər siyahısına daxil edilib.
Həmçinin, qanuna geoloji parklarla bağlı yeni fəsl əlavə edilib.
Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir.
Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.
Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.