Əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı 2018-ci ildə əvvəlki illə müqayisədə xeyli artıb.
Bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.
Şöbə müdiri qeyd edib ki, ötən il Prezident Administrasiyasına bu mövzuda 2017-ci ilə nisbətən 52 faiz çox müraciət daxil olub:
"Artımın səbəbi araşdırıldıqda aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliklərindən sonra əlillik təyinatına bilavasitə məsul olan bu nazirlikdə və Səhiyyə Nazirliyində yaradılmış işçi qruplar tərəfindən 2018-ci il ərzində verilən əlillik təyinatları təhlil edilib və ilin əvvəlindən təyin olunmuş əlillik dərəcələrinin əsaslılığı araşdırılıb. Araşdırmanın nəticələrinə əsasən, 1000-dən artıq təyinat ləğv olunub, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılıb, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanılıb. Təbii ki, bu cür tədbirlər öz növbəsində Tibbi-sosial ekspert komissiyaları ilə bağlı vətəndaş müraciətlərinin sayının artmasında müəyyən rol oynayıb. Əlillik təyinatı və ya əlillik təyinatından imtina zamanı vəzifə öhdəliklərinin icrasında yol verdikləri nöqsanlara görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyalarının sədrlərindən 8-i işdən azad olunub, 2-sinə isə töhmət verilib”.