Daxili İşlər Nazirliyinin Kollegiyası "Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.
BakuPost-un məlumatına görə, daxili işlər naziri Ramil Usubovun imzaladığı qərar yanvarın 19-dan qüvvəyə minib.
Beləliklə, bundan sonra texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş veriləcək və həmin nasazlıqların aradan qaldırılması tövsiyə olunacaq. Nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmayacaq.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirilməsi və şəxsin elektron ünvanına (olduğu halda) göndərilməsi üçün dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş” sisteminə göndərəcək. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu veriləcək.
Qeyd edək ki, qüvvədə olan reqlamentə əsasən isə indiyə qədər nəqliyyat vasitəsinə texniki baxış keçirildiyi zaman nasazlıqlar aşkar edildikdə, həmin nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt tərtib olunub, aktın bir nüsxəsi nəqliyyat vasitəsini təqdim edən şəxsə verilib. Texniki baxış zamanı nəqliyyat vasitəsində hər hansı nasazlıq aşkar edilmədikdə həmin gün, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan hər hansı nasazlıq aşkar edildikdə isə, həmin nasazlıqların aradan qaldırılması barədə texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduğu gün texniki baxış talonu verilib.
Qeyd edək ki, bu qərar "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 29 iyun tarixli qanunun tətbiqi və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1998-ci il 22 noyabr tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 16 iyul tarixli 207 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə verilib. Qanunda elektron talonların verilməsinə dair müvafiq dəyişikliklər nəzərdə tutulub. DİN-nin qərarı isə elektron talonların verilməsi proseduru və tətbiqinə başlanması ilə bağlıdır.
Xatırladaq ki, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçməlidir.