Artıq bir müddətdir ki, paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kameralar vasitəsi ilə də həyata keçirilir. Mərhələ ilə bu tədbirlər daha mütəşəkkil və təkmilləşdirilmiş qaydada təşkil ediləcək.
İnzibati tədbirlərlə yanaşı, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən, dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də davam etdirilir. Bu çərçivədə paytaxtın müxtəlif ərazilərində, xüsusən də dayanma və durma qaydalarının pozulması hallarının daha çox rast gəlindiyi küçə və prospektlərdə maarifləndirmə xarakterli lövhələr vurulub.