Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.
Mia.az-ın məlumatına görə, bu Qayda hüquqi hərəkətləri təşkil edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitin bölgüsündən Dövlət Agentliyinin və "ASAN xidmət” mərkəzlərində (o cümlədən səyyar xidmətdə) fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə qaydasını müəyyən edir.
Qaydalara əsasən indiyə qədər Dövlət Agentliyində və "ASAN xidmət” mərkəzlərində 6 aydan az fəaliyyət göstərən işçilərə və digər dövlət orqanlarının əməkdaşlarına əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyib. Dəyişikliyə əsasən bundan sonra "ASAN xidmət” mərkəzinin direktoru ilə razılaşdırmadan əmək məzuniyyətinə çıxan digər dövlət orqanlarının əməkdaşlarına da əmək məzuniyyətində olduğu dövr üzrə mükafat ödənilməyəcək.
Digər yenilik işçilərə maddi yardım ödənilməsi ilə bağlıdır. İndiyə qədər Dövlət Agentliyinin aparatı və "ASAN xidmət” mərkəzləri üzrə hər ay formalaşan xüsusi vəsaitdən 5%-dək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların ödənilməsi üçün ayrılıb. Dəyişikliyə əsasən bundan sonra bu vəsaitdən həm də işçilərə maddi yardım ödənilməsi üçün istifadə ediləcək.