Azərbaycanda bank xidmətinin mükəmməl səviyyədə olduğunu əminliklə deyə bilmərik.
Ümumiyyətlə, vətəndaşlar arasında banklara qarşı inamsızlıq var. Çoxları da bank sektorunda çalışanların soyğunçuluqla məşğul olduğunu bildirir.
Yenicag.az xəbər verir ki, əhalinin inamsızlıq göstərdiyi banklardan biri də “Unibank”dır. 1992-ci ildə “MBank” adı altında təsis edilən, 10 il sonra isə “Unibank” adı altında fəaliyyət göstərən maliyyə qurumu ilə bağlı sosial şəbəkədə saysız-hesabsız şikayətlər var.
İş o yerə çatıb ki, “Unibank” barəsində formalaşan mənfi imic nəticəsində bankın “facebook”dakı rəsmi səhifəsində dəyərləndirmə bölməsi də izləyicilərin üzünə qapadılıb. Bu məqamda sual yaranır. Əgər, bankın rəhbərliyi öz fəaliyyətindən, göstərdiyi xidmətdən əmindirsə, niyə “dəyərləndirmə”ni müştərilərin üzünə bağlayır?
Bir çoxları da iddia edir ki, “Unibank”ın reklamları sadəcə reklam olaraq qalır. Reklamda göstərilənlərin heç biri həqiqəti əks etdirmir.
Bunu Lənkəran şəhər sakini Rafiq Əsədullayev də təsdiqləyir:
“20 ildən çoxdur ki, kənd təsərrüfatı sahəsində çalışıram. “Unibank”ın Lənkəran filialına yaxınlaşıb reklam etdikləri sərfəli kreditdən faydanlanmaq istədim. Düzü, getdiyimə də peşman odum. Sən demə, heç də məlumat verdikləri kimi deyilmiş. Nə qədər yalançı reklam xarakteri daşıyacaqsız axı…”
Tərlan Lətifov isə bildirir ki, “Unibank”ın rəhbərliyindən Xalid Əhədov getdikdən sonra bank aciz durumda qalıb:
“Artıq ikinci dəfədir ki, müştəriyə balansından silinmiş məbləğin açıqlamasını müştəri xidmətlərinin verilə bilməməsi ilə yanaşı, şikayət mərkəzinə edilən şikayətə geri bildiriş edilmir. Müştəri şikayətinə geri bildiriş etməyən şirkətlərin günümüzdə rəqabət etmə gücü yoxdur”.
Nurdin Musayev isə qeyd edir ki, kartına “MilliÖn”lə pul yatırıb, amma bank müştərinin xəbəri olmadan onun debet kartından pulu çıxarıb.
Aylin Bəkilova isə “Unibank”ın yalançı reklamından şikayətçidir: “Reklamınızda qeyd edin ki, aylıq filan qədər maaş alanlara 20.000 manat kredit verilir. Milləti aldadıb bankın qarşısına yığmayın. Camaat saatlarla növbələrdə gözləyir, sıra çatanda da deyirlər ki, sizə kredit düşmür”.
Sadiq Musa da şikayətçilər sırasındadır: “Biz də bu reklamı əsas götürüb kredit götürməyə getdik. Kredit rəsmiləşdirildi, hətta kredit mütəxəssisi də dedi ki, komissiya sıfır olacaq. Mesaj gəldi, yes yazıb göndərəndən sonra cavab mesajda məbləğdən 24 AZN komissiya tutulacağı yazılmışdı. Banka yaxınlaşdıq. Cavab nə olsa yaxşıdır? Elə böyük məbləğ deyil ki!”
Qeyd edək ki, sosial şəbəkədə “Unibank”la bağlı monitorinq aparan zaman çoxsaylı şikayətlərə rast gəlmək mümkündür. Demək olar ki, əksəriyyət sözügedən bankın göstərdiyi xidmətlərdən narazıdır. Banka müraciət edən şəxslər yalan-dolan reklamlardan bezdiklərini bildirirlər. Belə olan halda müştərilərin “Unibank”a qarşı inamsızlığını da başa düşmək heç də çətin deyil.