Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin İstanbul şəhərində gürcü və türk həmkarları ilə birgə mətbuat konfransındakı çıxışı sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib və ciddi tənqid olunub.
Məsələylə bağlı Mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev deyib ki, Məmmədyarov Azərbaycanın xarici siyasətini yürütməyə layiq deyil.
Onun sözlərinə görə, nazirin, dövlət məmurunun, xüsusən də strateji sahəyə rəhbərlik edən şəsxlərin Azərbaycan dilini mükəmməl bilməsi vacibdir:
"Elmar Məmmədyarov kimi Azərbaycan dilini bilməyən adamın Xarici işlər naziri olması qəbuledilməzdir. İndiyə kimi bir təhər ötüşdürürdülər, məlum tədbir zamanı çıxışı bir daha göstərdi ki, bu adam Azərbaycan dilini bilmir. İllərdir xarici işlər naziridir, amma görün, doğma dilimizə nə qədər sayğısız yanaşırsa, bu günə kimi öyrənməyə cəhd eləməyib. Kiminsə dostudursa. Qohumudursa. Ondan başqa sahədə istifadə eləsinlər. Belə olmaz axı? Bu saat xarici siyasət Azərbaycan üçün olduqca vacibdir. Amma bunun öz dilinə qoyduğu hörmətə bax. Dünya səviyyəli bir layihə barədə üç cümlənin ard-arda qoşub danışa bilməyən adamdan nə gözləmək olar? Necə olur ki, bu dövlətin vəzifəsi yaxşıdır, dili pisdir? Heç olmasa, Prezidentdən nümunə götürsünlər. Onun dövlət dilinə, bayrağına olan münasibətinin mində birini özlərinə təlqin eləsinlər”.
Partiya sədri onu da nəzərə çatdırıb ki, bu cür şəsxlərin nazir vəzifəsində qalması qəbuledilməzdir: "Hesab edirəm ki, Elmar Məmmədyarov istefa verib getməlidir. Onsuz da onun xarici siyasətdə hər hansı bir rolu yoxdur. Nə uğur əldə eləmişiksə, Prezidentin hesabınadır. Bu cür adamlar prezidentə yükdür. Komanda belə adamlardan təmizlənməlidir”.