Azərbaycanda televiziya və radio proqramlarında (verilişlərində) hansı hallarda reklam yayımının qadağan olunmasının şərtləri müəyyənləşir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanun layihəsində əksini tapıb.
Layihənin 20.2 maddəsində göstərilir ki, Prezidentin, baş nazirin, Milli Məclis sədrinin və Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının, Milli Məclis sessiyalarının, rəsmi dövlət tədbirlərinin yayımlanması zamanı dövlət orqanlarının fəaliyyəti barədə proqramda (verilişdə) reklam verilməsi qadağan olunur.
20.3-cü maddədə isə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində televiziya və radio proqramlarında (verilişində) reklam yayımlanması qadağandır.
Yeni qanunda eyni zamanda göstərilir ki, xəbər proqramının, qanunvericiliyə uyğun olaraq yayımlanan təbliğat xarakterli proqramın (verilişin) dini, yetkinlik yaşına çatmayanlar üçün proqramın (verilişin), 30 dəqiqədən az çəkən serialların, aktual siyasi proqramın (verilişin) yayımlanması reklamla kəsilə bilməz.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.