Bu barədə məlumat Təhsil Nazirliyindən verilib. Nazirliyin məlumatına görə, özəl və dövlət ali təhsil müəssisələrinə nəzarət mexanizmi eynidir: “Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə əsas nəzarət mexanizmi isə akkreditasiyadır. Ali təhsil müəssisələrində və ümumiyyətlə təhsil sistemində tədris prosesinin yaxşılaşdırılması, neqativ halların aradan qaldırılması ilə bağlı «Qaynar xətt» xidməti yaradılıb. Bu xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə müraciətlər qəbul olunur. Hər hansı bir zərurət yaranarsa, müvafiq ali təhsil müəssisələrində monitorinqlər aparılır”.
Nazirlikdən həmçinin o da bildirlib ki, gələcəkdə hər hansı ali təhsil müəssisəsində müasir tələblərə cavab verən maddə-texniki baza, kadr potensialı, tədris-metodiki təminat və s. yaradılarsa, ən əsası məzunların işlə təmin olunması yüksək səviyyədə olarsa, həmin ali məktəbin əsaslandırılmış təklifi əsasında müəyyən ixtisaslar üzrə qəbul planının artırılması məsələsinə baxıla bilər: “Özəl ali təhsil müəssisələrinin inkişafı üçün Təhsil Nazirliyi onların beynəlxalq əlaqələrinin genişləndirilməsinə şərait yaradır, müvafiq tövsiyələr verir. Ümumilikdə, Təhsil Nazirliyi belə hesab edir ki, özəl ali təhsil müəssisələrində tədrisin keyfiyyəti müvafiq ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrindən aşağı olmamalıdır. Əks təqdirdə belə təhsil müəssisələrinin fəaliyyətinə ehtiyac yoxdur.
Artıq bir çox özəl ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə təhsilin keyfiyyəti dövlət ali təhsil müəssisələrindən yüksəkdir. Özəl ali təhsil müəssisələrindən bir neçəsi dövlət sifarişi ilə tələbə qəbulunda iştirak edir, hətta bəzi ixtisaslar üzrə özəl ali təhsil müəssisələrinə dövlət sifarişi ilə qəbul olunanların sayı dövlət təhsil müəssisələrinə qəbul olunanlardan çoxdur”.