Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yığıncağı keçirilib.
Yenimeydan.info "Report"a istinadən xəbər verir ki, yığıncağın gündəliyinə muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi məsələləri daxil edilib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızı da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb, idmanla məşğul olanların sayı artıb. İntellektual idman növlərindən olan şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə muxtar respublikanın Şahmat Federasiyası yaradılıb. Naxçıvanda şahmat idman növünün inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, artıq bu gün federasiyasının tərkibində 8 şahmat məktəbində 177 müəllim və 291 qrupda 3000-dək şahmatçı idmanın bu növü ilə məşğul olur. 2018-ci ilin ötən dövründə Şahmat Federasiyasının idmançıları ölkə çempionatlarında 8, beynəlxalq yarışlarda isə 12 medal qazanıblar.
Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Ali Məclis sədrinin qayğısı ilə şahmatın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Bir sıra nöqsanlara yol verilir. Beynəlxalq və ölkədaxili yarışlarda muxtar respublikanın bütün rayonlarının iştirakı arzuolunan səviyyədə deyil. Artıq xeyli vaxtdır ki, açıq birinciliklər keçirilmir. Belə yarışlar keçirilməyəndə istedadlı gənc şahmatçıları üzə çıxarmaq mümkün olmur. Mərkəzin qabaqcıl şahmatçıları ilə məşğul olmaq üçün güclü müəllimə ehtiyac var.
Sonra gənclər və idman naziri Azad Cabbarov Seymur Talıbovun Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.
Təklif yekdilliklə qəbul olunub və Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri seçilib.
Muxtar respublikanın gənclər və idman naziri yığıncaq iştirakçıları adından Seymur Talıbovu Şahmat Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
Məşqçi-müəllimlər Hüseyn Əliyev və Əli Hüseynzadə də yeni seçilmiş federasiya sədrini təbrik ediblər. Vurğulayıblar ki, idmançılara daha da yaxın olan, onlara qayğı ilə yanaşan Seymur Talıbovun federasiyaya sədr seçilməsi muxtar respublikada şahmatın inkişafına töhfə verəcək.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov göstərilən etimada görə federasiya üzvlərinə təşəkkürünü bildirib, Ali Məclis Sədrinin idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya öz əməli işi ilə cavab verəcəyini vurğulayıb.