Sentyabrın 5-dən Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15%-dən 30%-ə çatdırılıb.
Bu məhdudiyyət oktyabrın 31-ə qədər olan dövrü əhatə edir.
Ekspertlər hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir.
İqtisadiyyat Nazirliyindən idxal kartofun gömrük rüsumlarının artırılmasının yerli kartofun qiymətlərinə təsir etməyəcəyi bildirilsə də, müşahidələr tam olaraq bunun əksini göstərir. Belə ki, paytaxt bazarlarında kartof qiymətləri bahalaşıb.
"8 kilometr bazarı”nda çalışan Rasim Əliyev bildirib ki, gömrük rüsumlarının artırılmasından sonra ölkəyə daha az kartof gətirilir:
"Bildiyiniz kimi, bu yay bazarlarda ən yaxşı kartof 50 qəpik oldu. Bu qiymət kəndliyə sərf etmir. Çünki yerlərdə kartofu 30 qəpikdən satırdılar. Ona görə də idxl kartofun ölkəyə gətirilməsi rüsumların artırılması ilə məhdudlaşdırıldı. Nəticədə yerli kartof bahalaşdı”.
Hazırda paytaxt bazarlarında kartofun 1 kiloqramı 80 qəpik, 90 qəpik, 1 manat arasında dəyişir. Topdansatış bazarında isə qiymətlər müvafiq olaraq, 60-80 qəpik arasındadır.
Hökumət tərəfindən həyata keçirilən bu proses effektiv nəticə verəcəyi halda, kartofun gömrük rüsumlarının hazırkı qiymətlərinin daha bir neçə ay yüksək saxlanacağı bildirilir. (modern.az)