Ekspert: “Qərara həm istehsalçının, həm də istehlakçının mənafeyi baxımından yanaşmaq lazımdır”
Nazirlər Kabineti Azərbaycana idxal olunan təzə kartofun idxal rüsumunu artırıb. Qurumun sentyabrın 3-də qəbul etdiyi qərarla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilib.
“Yeni Müsavat” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, edilmiş dəyişikliyə əsasən, Azərbaycana idxal olunan təzə və digər kartofun idxal-gömrük rüsumu 15 faizdən 30 faizə qaldırılır. Nazirlər Kabinetinin bu qərarı sentyabrın 3-dən oktyabrın 31-dək qüvvədədir.
Onu da qeyd edək ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsi birgə müraciət edib. Onlar təkliflərini İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırıblar.
Xatırladaq ki, bir müddət öncə Tovuz rayonunda yaşayan fermer Samir Verdiyev qəzetimiz vasitəsilə kənd təsərrüfatı naziri İnam Kərimova müraciət etmişdi. Müraciətdə idxal kartofunun ucuz başa gəlməsi üzündən fermerlərin yetişdirdiyi kartofu aşağı qiymətə satmaq məcburiyyətində qaldığı bildirilirdi. Fermer bu səbəbdən Azərbaycana idxal olunan kartofun rüsumlarının artırılmasını təklif edirdi: “Son vaxtlar qonşu ölkə olan İranda böyük devalivasiya oldugu üçün artıq oradan gələn kartofun maya dəyəri 35-40 qəpiyə başa gəlir. İranda dövlət ölkədən ixrac olunan mallar üçün sahibkara əlavə pul da ayırır və bunun nəticəsində bizim daxildə olan mallarımız cox ucuz (30 qəpiyə) sahədə satılır ki, bu da kartofun maya dəyərindən ən azı 10 qəpik aşağıdır”.
Nazirlər Kabinetinin qərarı istehsalçıların mənafeyi baxımından müsbət addımdır. Bunu “Yeni Müsavat”a iqtisadçı-ekspert Rəşad Həsənov deyir. Onun sözlərinə görə, kartof idxalı rüsumunun ikiqat artırılması qısamüddətli olduğu üçün taktiki addım hesab olunmalıdır: “Yerli istehsalın müdafiə olunması hökumətin əsas öhdəliklərindən biridir. Əlində olan ən müxtəlif alətlərdən istifadə edərək hökumət yerli istehsalçını müəyyən qədər müdafiə etməlidir. Kartofa idxal rüsumlarının artırılmasını iki kontekstdən şərh etmək olar. Birincisi, yerli istehsalın, istehsalçının müdafiəsidir. Hazırda mövsüm dövrüdür. Azərbaycana ən çox kartof idxal olunan ölkələrdə də yığım dövrüdür. Eyni zamanda bu ökələrdə milli valyutalar dəyərdən düşüb, inflyasiya prosesi sürətlənib. Bu isə idxalı stimullaşdırır, idxal məhsulunun maya dəyərini azaldır, rəqabət qabiliyyətini artırır. Nəticədə bəzi hallarda yerli istehsalçı məcbur olub məhsulunu maya dəyərindən də aşağı satmalı olur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda bazarlarda qiymət heç də aşağı deyil: “Yerlərdə istehsalçıdan çıxış qiyməti aşağıdır. Bu isə istehsalın tsiklinə mənfi təsir göstərir. Son illərdə ölkədə formlaşmış bir trend var. Bir il yetişdirdiyi məhsulu ucuz satan istehsalçı gələn il başqa məhsul yetişdirir. Ərzaq təhlükəsizliyi kontekstindən yanaşdıqda kartof Azərbaycanda əsas məhsul növlərindən biri hesab olunur. Sahibkarların kütləvi şəkildə kartof yetişdirməkdən imtina etməsi növbəti illər üçün arzuolunan deyil. Bu baxımdan, qəbul edilən qərar müsbət addımdır. Nəzərə alsaq ki, mövsümün başa çatmasından – oktyabrın 31-dən sonra qərar qüvvədən düşəcək, onda qərarın müsbət xarakterli olduğunu bir daha söyləyə bilərik”.
R.Həsənov onu da qeyd edir ki, istehlakçıların mənafeyi baxımından yanaşdıqda, Nazirlər Kabinetinin qərarını fərqli qiymətləndirmək mümkündür: “Qəbul edilən qərar son nəticədə bazarlarda kartofun qiymətinin bahalaşmasına səbəb olacaq. Bura həm idxal məhsulu aiddir, həm də yerli istehsal. Bu isə istehlakçıların xərclərinin artmasına gətirib çıxaracaq, ailə büdcəsinə əlavə ağırlıq yaradacaq. Bununla belə, hökumətin əsas vəzifəsi ondan ibarətdir ki, qeyd olunan hər iki maraq qrupunun mənafeyi arasında optimal vəziyyəti təmin etsin. Qiymətlər nə həddən artıq yüksək olub istehlakçının xərclərini kəskin artırmamalı, nə də hədsiz aşağı olub istehsalçını zərərə salmamalıdır. Bu addımla bağlı yayılan qeyri-rəsmi məlumata görə, ölkədə iri şirkətlərdən biri böyük həcmdə kartof istehsal edib. Nazirlər Kabinetinin qərarının da həmin şirkətin mənafeyi baxımından qəbul edildiyi bildirilir. Reallıqda vəziyyət belədirsə, bu qərarın monopolist şirkətin maraqlarının təminatına xidmət etdiyi aydın olar”.
Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən 2017-ci ilin yanvar – dekabr aylarında ölkəyə 106 min 662,23 ton təzə və ya soyudulmuş kartof idxal olunub. 2016-cı ildə isə idxal 183 min 5,41 ton təşkil edib.
2016-cı ildə kartof idxalına 33 milyon 792,82 min dollar, 2017-ci ildə isə 22 milyon 802,48 min dolları sərf olunub.
Qeyd olunan dövrdə Azərbaycandan xaricə kartof ixracı isə artıb. Belə ki, 2016-cı ildə ölkədən 38 min 229,41 ton, 2017-ci ildə 57 min 569,99 ton kartof ixrac edilib. İxrac qiyməti 2016-cı ildə 15 milyon 789,08 min dollar, 2017-ci ildə isə 25 milyon 810,74 min dollar təşkil edib.
Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə kartof idxalı 41 faizdən çox, dəyəri isə 32 faizdən çox azalıb, ixrac həcmi 50 faizdən, dəyəri isə 63 faizdən çox artıb .
Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il Azərbaycanda 58.8 min hektar kartof sahəsindən 889.4 min ton məhsul əldə olunub. Ölkə əhalisinin kartofa illik tələbatı isə 1 milyon 200 ton təşkil edir. Onu da nəzərə alaq ki, istehsal edilən kartofun hamısı yararlı olmur. Buna görə də Azərbaycana İrandan, Türkiyədən, Pakistandan, hətta ərəb ölkələrindən də kartof gətirilir.