Ərzaq mağazaları, marketlər qida soyuducusunu axşamdan sonra söndürürlər.
Yəqin ki nə vaxtsa, yararlılıq vaxtı keçməsə də aldığınız məhsul xarab çıxıb. Söhbət gündəlik tələbat malları, ərzaq məhsullarından gedir. Misal üçün, xamanı üzərində istehsal və son istifadə müddətinə baxaraq alırsan, evə gətirib baxanda xamanın dadında turşuluq, yaxud qoxu hiss etmək olur.
Çox alıcı yalnız çəki ilə aldığı məhsulun təzə olduğunu satıcıdan xəbər alar, ya heç almaz. Sözsüz, satıcı da malın getməsi üçün tərif edər. Az alıcı isə qablaşdırılmış məhsulun üzərindəkiləri oxumadan keçməz, dəqiqələrlə götür-qoy edər. Bu məqbuldur. Çünki yalnız məlumatlı və hüququnu bilən alıcı aldana bilməz. Hər bir məhsulu alanda onun istehsal tarixi və yararlı olacağı müddətdən qabaq onun doğru saxlanması qaydası vacibdir. Bu qayda istehsal olunan istənilən məhsulun satışa çıxarılan vaxtdan başlayır.
İndi yay fəsli olduğundan, yediyimiz, içdiyimiz məhsulların saxlanma qaydasına dah çox diqqət yetirməliyik. Təəssüf ki, çox vaxt iri marketlərdə belə süd məhsullarının ortalıqda, adi otaq tempereturunda satıldığının şahidi oluruq. Buna süd, yoqurt, mayanez kimi məhsullar daxildir. Şəxsi müşahidəmə görə isə dəfələrlə görmüşəm ki, belə məhsullar soyuducu kamerası olmayan adi yük maşınları ilə mağazalara daşınır. Günəş şüalları altında isinən, anbarda naməlum şəraətdə qalan, sonradan vitrindəki soyuducuda saxlanılan məhsuldan kim zəhərlənməz ki? Bəli, bu dəfəki problem hədəfim ərzaq satılan obyektlərin soyuducuları ilə bağlıdır. Kiçik araşdırmadan ortaya çıxır ki, bu obyektlərin çoxu alıcının sağlamlığını nəzərə almadan axşamdan sonra gecələr soyuducusunu söndürür. Əlbəttə ki, enerjiyə qənaət etmək üçün. “Qafqazinfo” bu məsələni araşdırıb.
“Saxlanma qaydası pozulan məhsul artıq xarab sayılır”
Bir neçə market və mağazadan məhsulun doğru saxlanma qaydasını soruşdum. Heç kəs də
“qatığına turş demədi”. Bəs soyuducuların həmişə işlədilməsi məsələsi necə? Buna da hərə bir cür cavab verdi, belə məlum oldu ki, hər şey qaydasındadır. Təcrübəli qida texnoloqu Aliyə xanım, bu sahədə alıcıların maarifləndirilməsi və təbliğat işinin zəif oldunu deyir. “Açıq məhsul belədir ki, onu toxunmaqla xarab olduğunu aşkarlaya bilirik. Bağlı qutuda qablaşdırılmış məhsulun ən diribaş alıcı tərəfindən zərərsiz olmasını bilmək çətindir. Odur ki, alıcı isti yay günündə əgər sıradan bir mağazadan yoqurt(soyuducuda olmayan) alırsa günah onun özündədir. Ya aldığı südün qutusu heç olmazsa sərin deyilsə, deməli satıcıdan soyuducunun işləyib-işləməməsini soruşmalıdır. Bütün ərzaq məhsullarının saxlanma qaydası vacib məsələdir. Düzgün qorunmayan məhsul artıq zay hesab olunur və insan üçün toksiki təhlükə daşıyır. Hətta ərik meyvə olsa belə, dərildikdən 3-5 sonra mütləq yeyilməlidir. Keyfiyyətli qalması üçün o mütləq sərin yerdə saxlanmalıdır. Tez xarab olan məhsullar qrupuna- ət, balıq, süd məhsulları, yumurta, bir çox meyvələr daxildir. Düzgün saxlanmayan məhsullarda kimyəvi, mikrobioloji dəyşikliklər baş verir. Bu zaman qidalılıq dəyəri aşağı düşür,
bu da məhsulun rənginə, qatılığına, iyinə, dadına təsir edir. Məhsulun tərkibində mənfi deyilən proseslər sürətlənir, bakteriyalar, mikroblar aktivləşir. Hələ qida məhsulunda əlavə qatqılar, konservantlar varsa, bu lap pisdir. Soyuq, sərin yerdə saxlanılan məhsulda isə bu prosselər donur. Bu səbəbdən hər məhsul doğru temperatur rejiminə uyğun qorunmalıdır. Novündən və tərkibindən asılı olaraq ərzaq məhsulların optimal saxlanma temperaturu mənfi180 dərəcədən müsbət 250 dərəcə hesab olunur. Dondurulan(ət, balıq, toyuq) məhsul üçün bu səviyyə mənfi 180 dərəcə C-dir. Süd məhsulları isə 0-40dərəcə C temperaturda saxlanmalıdır. Süd orqanizmimizdə 96-99% qədər mənimsənilir. Ona görə onun pasterizə edilmiş, sterizə edilmiş və ya konservantlaşıdrılmışı belə ayrı-ayrı temperatur rejimlərində qorunmalıdır. Təəssüf ki, bu qaydalara əməl olunmadığından alıcılar fərqinə varmadan sağlamlıqlarına zərər yetirirlər. Doğru saxlanmayan südün tərkibindəki vacib fermentlər toksiki maddələrlə əvəz olunur. Bu gün iri marketlərdə belə vitrin soyuducularda bütün məhsullar eyni temperaturda saxlanılır, bəzən səhv olaraq
soyuducuların işinə aram verilir. Yaxud bazarlarda günəşin altında sutkalarla duru yağ, eləcə də digər məhsulların satışını görmək olar.”
“Alıcı hüququnuzu bilin”
Alıcı hüquqlarının qorunmasını Azad İstehlakçılar Birliyi qeyri-hökümət təşkilatı və İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların Hüquqularının müdafiəsi Dövlət Komitəsi təmin edir. Dövlət Komitəsinin Ərzaq məhsullarının saxlanması və istifadəsində ticarət obyektlərərinin vəzifələri adlı göstərişi də var. Sözsüz komitə qanunsuzluqla mübarizə apardığını bəyan edir. Amma yeyinti məhsullarının düzgün saxlanması məsələsinə nəzarət tam mümkün deyil. Qida məhsulları satılan mağazaların soyuducularının daim işləməsini bilmək isə çətindir. Misal üçün, adam özü aldığı dondurmanın niyə yumşaq olduğunu satıcıdan soruşanda doğru-yalan “işıqlar sonmüşdü” cavabını verir.
Bəs aldığımız məhsulun xarab olduğunu evdə aşkarlayırıqsa, bizim hansı hüquqlarımız var. Hüquqşünas Arif müəllim heç də hər alıcının məhsul haqqında məlumat əldə etməyə maraqlı
olduğunu deyir. “Soyuducuda saxlanmalı olan məhsul əgər lazımı şəraətdə qorunmursa, alıcının irad bildirməsi mütləqdir. Qablaşdrılmış məhsul vaxtı keçmədiyinə baxmayaraq xarab çıxırsa, alıcı qəbzlə birlikdə məhsulu qaytara bilər. Amma bu gün hər mağazada kassa qəbzi də verilmir axı. Ona görə də, alıcılar daha hörmət qazanmış yerdən bazarlıq etməyə üstünlük verməlidirlər. Hər bir istehlakçının hüququnun tanınması, elə onun hüququnu qorumaqdır. İstehlakçıların hququnun müdafiəsi haqqında Az. Res.-nın Qanunu da(1995-ci ildə qəbul olunmuş) mövcuddur. Həmin qanuna əsasən hər bir alıcının istənilən məhsul haqqında, keyfiyyət göstəricisi barədə məlumat almaq hüququ var. Hər məhsul üzərində bu qeydlər alıcının sağlamlığı, təhlükəsizliyi naminə qeyd olunmalıdır. Bu məhsulun istehlaka təqdim olunan müddəti, yararlılıq vaxtı və saxlanma qaydası, eləcə də tərkibi ilə bağlıdır. Əgər alıcı aldığı xarab qida məhsulunu vaxtında təqdim edə bilmirsə bu zaman problemlər yaranacaq. Çünki belə məqamlar xırdalıqlarına qədər qanunvericilikdə əksini tapmayıb. Bütün hallarda hər bir mağaza sahibi satdığı məhsula görə məsuliyyət daşıyır, alıcı isə
hər zaman haqlı sayıla bilər. Yaxud xarab məhsuldan zəhərlənmə baş veribsə, zərərçəkmiş tərəf bu barədə iddia qaldırıb, mağaza sahibini keyfiyyətsiz məhsul satdığına görə təqsirləndirə bilər. Bu məsələ isə müvafiq orqanlar tərəfindən dəqiq araşdırılmalıdır.”
Bəzi apteklər də soyuducunu işlətməkdə “əziyyət çəkir”
Apteklər ərzaq mağazalarından sonra ən geniş yayılmış ticarət obyektləridir. Ərzaq məhsulları kimi elə dərman preparatları var ki, onların soyuducuda saxlanması mütləqdir. Bu məsələdə də bəzi aptek sahibləri səhlənkarlığa yol verirlər. Konkret iki aptekdə satıcı əczaçı ilə söhbətdən məlum oldu ki, axşam doqquzdan sonra müdirin əmrinə əsasən aptek soyuducusu söndürülür. Adını vermək istəməyən xanım satıcı deyir ki, səhər yenidən soyuducunu işə salırlar. “Dərmanların donması, yenidən donun açılması onun tərkibinə mənfi təsir göstərir. Elə soyuducuda saxlanmalı dərmanlar var ki, dərman deposunda aylarla qalır. Sonra bizə gətiriləndən sonra soyuducuya qoyulur. Bu
səbəbdən dərmanlar keyfiyyətini itirir. Ümumiyyətlə, dərmanlardan zəhərlənmələrin çoxu onların həm aptekdə, həm də evlərdə doğru qaydada saxlanmamasından baş verir.”
Bütün hallarda gözüaçıq olub alacağınız məhsul barədə qarşı tərəfə sual yağdırmaqdan çəkinməyin. Ən azı aldadılan tərəf olmayın.
Raminə Eyvazqızı