Milli.Az" xəbər verir ki, Şamaxıda ayı iki nəfərə hücum edib. Hadisə saat 21:30 radələrində baş verib.
Qala dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Burada 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edilib. Ayı qızın döş qəfəsini cırmaqlayıb.
Daha sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayaraq yeyib. Ancaq qızmış heyvan bununla da kifayətlənməyib. Hadisədən dərhal sonra meşəyə qaçan ayı, buradan da Keşmədin kəndinə keçib. Kəndin girişində qoyun otaran çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Ancaq Sahib Allahverdiyev özünü itirməyib, qoyunları ayının əlinə buraxaraq kəndə qaçıb. Burada dərhal onu avtomobilə qoyaraq xəstəxanaya aparıblar. Həmçinin Fəridə Nuriyevanı da təcili olaraq xəstəxanaya çatdırıblar. Hazırda hər iki nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.