Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.
Report xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.
Digər sərəncamla İcra Hakimiyyətinin adı çəkilən şöbəsinə də yeni müdir təyin edilib. Mərədov Rüfət Saday oğlu Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 1-də Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin işdən çıxarılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının bu ilin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
***
Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.