Mövzuları bitdi, indi çamur atmaq üçün ən ucuz, ən düşük üsula əl atırlar.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov haqqında bəzi media qurumlarında yazılan yazılara reaksiyasında qeyd edib. M.Mənsimov o şayiələri yayanları “ucuz adamlar” adlandırıb və onlara səslənib:
“Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də, Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.
Biz bu günə qədər 20 minə yaxın tələbəni oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanıyıram. Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var.
Bizi separatçılıqda ittiham etməyə çalışan bu adamlar görünür, “Palmali Qroup”a məxsus gəmilərin şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlir. 6 ildir ki, “Palmali Qrup”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu gözündə qalıb”.
Mübariz Mənsimov hər zaman özünü bu dövlətin əsgəri hesab etdiyini xüsusi vurğulayıb:
“Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.
Qeyd edək ki, bəzi rusdilli media qurumlarında Mübariz Mənsimov və qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin “işbirliyi”, guya birincinin İŞİD neftini daşıması, digərinin “narkotik ticarətinə” rəhbərlik etməsi, həmçinin Mübariz Mənsimovun talış separatizminə, destruktiv müxalifəti təmsil edən Əli Kərimliyə dəstəyi haqda arqumentsiz ittiham irəli sürülməklə, onun ünvanına ağır təhqirlər səsləndirilib.
M.Mənsimovun əleyhinə kampaniya bir müddətdir başlayıb və konkret sifarişlə icra edilir. Rusiyadan maliyyələşdiyi barədə ciddi şübhələr olan bu kampaniya zamanı hədəf seçilən azərbaycanlı milyarder ən ağır sözlərlə təhqir edilir.