Xətai rayonu, Fəhlə prospekti, Turşulu küçəsində yaşayan sakinlərin evlərinin söküntüsü davam edir. Sözügedən ünvanda yaşayan sakinlərdən “Yeni Müsavat”a verilən məlumata görə, Rayon İcra Hakimiyyətinə onlara verilən kompensasiyanın azlığı ilə bağlı müraciət etsələr də, müraciətlərinə baxan olmayıb.
Sonuncu dəfə sakinlərin yığışaraq evlərinə görə aksiya keçirməsi isə heç bir nəticə verməyib.
İndi evləri söküləcək 150-ə yaxın ailə iddia edir ki, İcra Hakimiyyəti nümayəndələri bazar açaraq insanlarla alver edirlər. Sakinlər deyir ki, ölkə başçısının göstərişi var, onlara minimum 1500 manatdan kompensasiya verilməlidir.
Xətai RİH-in nümayəndələri sonuncu dəfə Turşulu küçəsində yaşayan sakinlərlə dünən görüşərək yenidən evlərinin dəyərləndirmələrini aparıblar. Mənzillərinin düzgün dəyərləndirilmədiyini bildirən sakinlərin sözlərinə görə, otaqların hər kvadratına 1000 manat, dəhliz, mətbəx, hamam və tualetə isə 700 manat pul verilir. Üstəlik, köçürülmə ilə bağlı anlaşma olmamış söküntü işlərinə başlanılıb. Küçədəki 100-ə yaxın evin hasarı indidən uçurulub.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən rəsmi mövqe öyrənə bilmədik.
***
Bu arada məlum olub ki, Bakının Regional İnkişaf Planı iyul ayında müzakirələrdən sonra təsdiq üçün təqdim olunacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri hazırda plan üzərində işlərin davam etdirildiyini deyirlər. Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev modern.az saytına bildirib ki, Bakının baş planı ilə bağlı iyul ayında yenidən rəsmi müzakirə olacaq: “Bakının yeni baş planının üzərində tamamlama işləri gedir. Aidiyyəti nazirliklərə, dövlət qurumlarına, böyük təsərrüfat subyektlərinə baş planın konsepsiyası haqda sənədlər göndərilib və onlardan təkliflər yığılır”.
Komitənin məlumatına görə, “Böyük Bakının Regional İnkişaf Planı”nın əsas məqsədi (BBRİP) Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır. Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq və təklif etmək planlaşdırılır. Bu planda 2030-cu ilə qədər perspektivlərin inkişafı proqnozlaşdırılacaq. Yəni yeni baş plan 2030-cu il müddətinədək dövrü əhatə etməlidir.
“Böyük Bakının Regional İnkişaf Planı”nda bir sıra məsələlər əks olunacaq:
- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürülməsi;
- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Səngəçala köçürülməsi.
Söküləcək ərazilər aşağıdakılar olacaq:
- “Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi;
- “Xutor” - 88 hektar, “Kubinka” - 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə”nin 85 ha hissəsi;
292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən “20-ci sahə” - 800 ha kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası.
Həmçinin planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri - şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sisteminin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.