Siyəzən Regional Diaqnostika Mərkəzində baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Publika.az–a açıqlamasıda bildirib ki, Aytən Qasımova əməliyyatdan sonra ağrıkəsici vurulandan sonra dünyasını dəyişib: “Ana tibbi göstərişə əsasən, əməliyyatla övladını dünyaya gətirib. Qaydalara görə, əməliyyatdan sonrakı 6 saat ana dinamik müşahidə altında olmalıdır. Ona görə də reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat ağrılarını azaltmaq üçün ağrıkəsici vurulandan sonra dünyasını dəyişib. Təbii ki, bu, ilkin rəydir. Buna əsasən qərar verə bilmərik. Meyit təşrih ediləcək, bir həftə ərzində Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq.Yalnız ekspertizadan sonra ölümün əsas səbəbi barədə məlumat verə bilərik”.
S.Məmmədova onu da vurğulayıb ki, A.Qasımova hamiləliyi müddətində Siyəzən Regional Diaqnostika Mərkəzində müayinə olunub: “Ana sağlam olub, onun səhhətində ciddi problem olmayıb. Həkimi də peşəkar həkimlərimizdəndir”.
***
Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
Yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.
Faktla bağlı Siyəzən Prokurorluğunda araşdırma aparılır. (report)