Iyunun 24-də milli azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti, mərhum Əbülfəz Elçibəyin 75 yaşı tamam olacaq. Bir sıra ictimai-siyasi xadimlər, ziyalılar, o cümlədən Elçibəyin silahdaşları və ailə üzvləri eks-prezidentin yubileyinin dövlət səviyyəsində keçirilməsini təklif etsələr də, təəssüf ki, bu təşəbbüslər rəsmi dairələr tərəfindən dəyərləndirilmədi.
Ancaq eks-prezidentlər və onların ailə üzvləri ilə bağlı qanunun qəbulundan, birinci prezident Ayaz Mütəllibovun Azərbaycana qayıdışına və normal yaşayışına şərait yaradılandan sonra Əbülfəz bəyin yubileyinin yüksək səviyyədə keçiriləcəyinə ümid yaranmışdı. İllərdir həyatda olmayan böyük demokrat Elçibəyin yubileyinin dövlət səviyyəsində keçirilməsi yerində olardı və bu, seçki ilində gərginləşməkdə olan siyasi münasibətlərin nizama salınması, ölkədə dialoq ab-havasının yaranması baxımından da töhfəsini verərdi. Hələ ki, eks-prezidentin ad günü tədbirlərinə demokratik düşərgənin hazırlıq planı məlumdur. İyunun 24-də Elçibəyin ata yurdunda, Ordubadın Kələki kəndində böyük yubiley törəni keçiriləcək. Maraqlıdır, Ə.Elçibəyin müavini kimi fəaliyyət göstərən və bu gün də ictimai-siyasi fəal olan şəxslərdən kim yubiley tədbirinə qatılacaq?
KXCP sədri Mirmahmud Mirəlioğlu dedi ki, Kələkidəki yubiley tədbirində şəxsən iştirak edə bilməyəcək: “Bizim nümayəndə heyətimiz olacaq. Bakıda isə iyunun 24-də saat 11-də demokratik qüvvələr olaraq bayram kimi ziyarətlə qeyd etməyə, sonra isə digər tədbirlə davam etməsinə qərar verdik. Sağ olsunlar, İctimai Palata və Milli Şura bu qərara dəstək verdi. İnşallah həmin gün tədbirimizi keçirəcəyik. 24-də həm Müsavat, həm KXCP-də tədbir var. Həmçinin KXCP-nin rayon, şəhər şöbələri Bəyin 75 illiyini yerlərdə qeyd edəcəklər. Ola bilsin, bizim bilmədiyimiz tədbirlər keçiriləcək”.
Deputat Əli Məsimli tədbirə qatıla bilməyəcəyini söylədi: “Mən beynəlxalq tədbirə getməliyəm. Batumda GUAM-ın tədbiri və beynəlxalq konfrans keçiriləcək, artıq bilet alınıb, mən də məruzəçiyəm. Əvvəlcədən deyilsəydi, məmnuniyyətlə qatılardım. Həmçinin ayrı bir vaxtda Bakıda tədbir keçirilsə, şübhəsiz iştirak edərəm”. Ə.Məsimli də yubileyin dövlət səviyyəsində keçirilməsinin arzuolunan olduğunu vurğuladı: “İstərdim dövlət səviyyəsində tədbir olsun, amma təbii ki, bu, mənim səlahiyyətimdə olan məsələ deyil”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli dedi ki, bir sıra tədbirlərin planlaşdırılması səbəbindən Kələkiyə gedib-getməyəcəyini hələ qətiləşdirməyib: “Ürəyim istəyir ki, iştirak edim. Amma hələ qəti qərar verməmişəm”.
Deputat Asim Mollazadə də tədbirdə iştirak edə bilməyəcək: “Çox təəssüf ki, müəyyən işlərimlə əlaqədar gedə bilməyəcəyəm. Bakıda olsaydı, təbii ki, iştirak edəcəkdim. Çünki Əbülfəz bəyə böyük hörmətimiz və sayğımız var. Azərbaycanın müstəqilliyi Əbülfəz bəyin adı ilə bağlıdır. Çox istərdim ki, onun yubileyi dövlət səviyyəsində keçirilsin. Əbülfəz bəyin vətəninə sevgisi hər zaman fövqəladə olub və bu, onun ən əsas keyfiyyətidir”.
Fazil Mustafa da yubiley törəninə qatıla bilməyəcək: “Mən Avropa Şurasına gedəcəyəm. Ona görə də partiyamız bu gün (dünən-red.) Elçibəyin məzarını ziyarət edəcək, sonra tədbirimiz olacaq. Ona görə də Elçibəyin yubileyində iştirak edə bilməyəcəyəm. Amma üzvlərimiz tədbirlərə qatılacaq”.
Ə.Elçibəyin 1-ci müavini olmuş Əli Kərimli ilə əlaqə yarada bilmədik. Digər sabiq müavinlər professor Cəmil Həsənli və Arif Paşayevin isə mobil telefonlarına zəng çatmadı.
Cavid TURAN