Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub
F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub.
1986-cı ildə professor Afat Qurbanovun rəhbərliyi ilə “Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. APİ-nin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib. Qısa müddətdən sonra yenidən APİ-yə qayıdıb. 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə köçürülüb.
2006-cı ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.(trend)