Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsinə münasibət bildirib. Müsavat başqanı Musavat.com-a açıqlamasında faktı belə dəyərləndirib: “Mən bir neçə ay əvvəldən demişdim ki, İlham Əliyev prezidentliyə namizədliyini çətinliklə irəli sürəcək. Bu, dediklərimin təsdiqidir. Hakimiyyət çaşqınlıq içərisindədir və vahid namizədi müəyyənləşdirə bilmir. Bu çaşqınlıq seçkilərə az qalmışadək davam edəcək. Çaşqınlığın məğlubiyyətə çevrilib-çevrilməyəcəyi isə xalqdan və demokratik qüvvələrdən asılı olacaq”.
Qeyd edək ki, Azərbaycanın “ikinci iqtidar partiyası” adlandırılan Dünyəvi Azərbaycan Partiyası prezident seçkiləri ilə bağlı sensasion qərar qəbul edib. Partiyanın toplantısında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın namizədliyi irəli sürülüb.
Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürüb. Mütəxəssislərin fikrincə, DADP-nin qərarı isə hakimiyyətin yeni strategiyasından xəbər verir. Təbii ki, bu partiya “yuxarılar”ın arzusu və razılığı olmadan birinci xanımın namizədliyini irəli sürə bilməzdi.