"Sənə Avropa Şurası lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən, Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver, qoy başqası ölkəmizi təmsil etsin".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır: "Tənqid olunmalıdır da, çünki ziddiyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir".
Politoloqun sözlərinə görə, biz getsək, Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə rahat təbliğatını aparacaq: "Bu, bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da "Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!".