"Milli Şurada vahid namizəd məsələsi həll ediləcəksə, VHP onu dəstəkləyəcək. Yəni o zaman bizim partiyanın namizədi seçkilərdə iştirak etməyəcək. Bu qərarı partiya sədri də dəstəkləyib”.
Bunu Qaynar.info-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Milli Şuradakı təmsilçisi Rafiq Manaflı deyib.
O bildirib ki, VHP sədri Milli Məclisdə təmsil olunur: "Hazırda sədrin Milli Məclisdə olması məqsədəuyğundur. Sabir bəy orada olmalıdır və ehtiyac yaranarsa, bizi parlamentdə təmsil etməlidir. Təbii ki, o da Milli Şura ideyasını dəstəkləyir”.
VHP funksioneri Milli Şurada üzvlərin sayının artırılmasına da münasibət bildirib: "Üzvlərlə bağlı müəyyən hədd olmalıdır. Təbii ki, bura açıq bazar ola bilməz. Yəni hər dəfə 5-10 nəfər qoşulası deyil ki?! Əvvəlcə 51 nəfər, sonra 129 nəfər qəbul edildi. Axı bunun bir həddi olmalıdır. Hədd müəyyənləşdirilməlidir və o həddən çox olmamalıdır. Bütün partiyalarda-AXCP-də, Müsavatda, VHP-də Milli Azadlıq Hərəkatında iştirak etmiş minlərlə adam var. Onlar bu yolda canlarını qoyublar. Həmin insanları burada təmsil edənlər var. Onların hər biri burada bir fərd kimi təmsil olunsa necə olar?!”