1994-cü il təvəllüdlü əsgər Anar Səmədovun tok vurması nəticəsində vəfat etdiyi barədə məlumatı Müdafiə Nazirliyi iyunun 20-də açıqladı. Hadisənin necə baş verdiyini mərhum əsgərin əmisi Elman Səmədov “Azadlıq”a danışıb.
“Biz inanmadıq, əsgəri necə tok vura bilər? İyunun 20-də onun cəsədin gətirdilər. Dedilər ki, cəsədə baxmaq olmaz. Onlar təkid etdilər, amma mən razı olmadım. Cəsədi açdıq və Anarın bədənində heç bir zorakılıq izi görmədik. Bizə dedilər ki, Anar gizirlə birlikdə çayda balıq tutmağa gedib. Cərəyanla balıq tutmaq istəyiblər və o zaman Anarı tok vurub. Gizirin ad və soyadını bilmirik, amma hərbi hissədən dedilər ki, onu həmin gün həbs ediblər. Mən onlardan soruşdum ki, hansı əsasla əsgəri özbaşına buraxırsınız? Niyə adamı balıq tutmağa məcbur edirsiniz ki, onu da tok vursun?”.
Anar ailənin sonuncu, üçüncü uşağıdır. Orta təhsilini bitirib hərbi xidmətə gedib. 9 ay idi ki, xidmətini çəkirdi. Əsgərin anası oğlunun cəsədini gətirərkən hərbçilərin yaxasından yapışıb “Mən sizə belə oğul verməmişdim. Niyə öldürüb geri qaytarmısınız” deyə etiraz edib. E.Səmədov deyir ki, əsgər zabitlərin səhlənkarlığı nəticəsində vəfat edib. Anar Səmədov Neftçalada, kənd qəbiristanlığında, nənəsinin yanında dəfn edilib.
Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında hadisənin növbəti dəfə komandirlərin məsuliyyətsizliyi və səhlənkarlığı ucbatından baş verdiyini deyir: “Biz dəfələrlə qeyd etmişik ki, harda komandir və rəislər öz vəzifə borclarına vicdansızcasına yanaşırlar, orada mütləq mənada hansısa hadisə baş verməlidir. Nizamnamə yol vermir ki, əsgər öz xidməti vəzifəsindən kənar işlərə çəlb edilsin. Əsgərin birinci, ümdə vəzifəsi döyüş hazırlığını yüksəltmək və ona həvalə edilmiş işləri ən yüksək səviyyədə öyrənməkdir. Bəzən biz onun şahidi oluruq ki, özlərini qanundan kənar, üstün sayan bəzi şəxslər, komandir və ya rəislər öz vəzifələrindən sui-istifadə edirlər və bu da sonda belə faciələrə yol açır”.
Ü.Cəfərov hesab edir ki, həm yuxarı komandanlıq, həm də müvafiq hüquq mühafizə orqanları orduda qeyri-döyüş itkilərinin sayının azalması üçün ən sərt tədbirlər görməlidir. “Hələliksə biz bunun əksini müşahidə edirik”- deyə Ü.Cəfərov bildirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadlıq”a bildirdilər ki, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq gedir. “Istintaq zamanı müəyyən olunacaq ki, hadisə kimin səhvi ucbatından baş verib”. /azadliq.info/