Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib.
Mia.az-ın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır. Dərman vasitələrinə reseptlər "Resept blankı forması” və "Ödənişsiz resept blankı forması”nda, optik ləvazimatlara isə "Optik ləvazimatlara resept blankı forması”nda yazılır. Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.
Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə Azərbaycan dilində yazılmalıdır. Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartında və elektron sağlamlıq kartında qeyd edilir. Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir.Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.
Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının qeydiyyatı aparılır