Azərbaycan prezidenti İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Laboratoriyalar, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.
Bu siyahıya Bakıda və Azərbaycanın bütün rayonlarında yerləşən qida məhsullarının sınaq laboratoriyaları, istehlak mallarının ekspertizası mərkəzləri, baytarlıq laboratoriyaları, toksikologiya-nəzarət laboratoriyaları daxildir. Bəs görəsən, istehlak mallarının keyfiyyətinə nəzarətin vahid quruma verilməsi və paralel strukturların ləğvi bu sahədə hansı müsbət irəliləyişə səbəb olacaq?
“Yeni Müsavat”ın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu qərarı mühüm bir addım kimi dəyərləndirib: “Qida Təhlükəsizliyi Agentliyinin prezident tərəfindən təsdiq olunmuş əsasnaməsinə baxsaq, görərik ki, orada çox böyük məsələlərin həlli qarşıya məqsəd qoyulub. Burada Azərbaycan mallarının xarici bazarlara çıxarılması kimi əhəmiyyətli məsələ öz əksini tapır. Lakin çox təəssüflər olsun ki, bu məsələyə çox primitiv, yalnız səhiyyə nöqteyi-nəzərindən baxan insanlar var. Mən bununla bağlı görüşlər çoxsaylı keçirmişəm. Əlbəttə, laboratoriya əsas məsələlərdən biridir. Lakin bu sahədə yalnız həkimlər yox, qida mühəndisləri, qidanın tarladan istehlakçının masasına qədər keçdiyi yolu izləyə bilən, bu prosesi qiymətləndirə bilən mütəxəssislərə ehtiyac var. O cümlədən qidanın təhlükəsiz olmasında, xarici bazara çıxmasında böyük rol oynayan məsələlər önə çəkilməlidir. Laboratoriya da bu prosesdə ən vacib komponentlərdən biridir. Biz dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri ilə görüşmək istəmişik, hələ ki, bir irəliləyiş yoxdur. Əgər bu agentlik əsasnamənin 8.3 bəndində göstərilən kimi şəffaf işləyərsə, kollegial işləyərsə, ictimai təşkilatlar və KİV də orada təmsil olunarsa, bu halda ölkə prezidentinin qarşıya qoyduğu məqsədə nail olmaq olar. Yox, əgər qohum-əqrəbalar üçün iş yeri olacaqsa, rüşvətlə işləyəcəksə, bu agentlikdən heç nə gözləmirəm”.
Ekspertin sözlərinə görə, qidanın təhlükəsizliyinə nəzarətin həyata keçirildiyi laboratoriyalar bir qədər də genişləndirilməlidir, oraya ayrı komponentlər də daxil edilməlidir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazanandan bəri cəmi 3-4 mal xarici bazarlara çıxmaq imkanı əldə edib. Bu balıq məhsulları, balıq kürüsü və qoz-fındıqdır. Bir də Rusiya bazarlarına pomidor, müəyyən meyvələr aparılır. Görün, Azərbaycanda nə qədər kənd təsərrüfatı məhsulları var, lakin heç biri xarici bazarlara çıxa bilmir. Bunun üçün də Azərbaycanda iş görülüb. Xarici mütəxəssislər ölkəmizə gəlib, həmin müəssisələri HASSP sisteminə uyğunlaşdırıblar. HASSP sistemi məhsulun tarladan istehlakçının masasına qədər keçdiyi prosesi izləmə sistemidir. Eləcə də, qida təhlükəsizliyinə dair ”Kodeks. Alimentaris”in tələbləri həmin müəssisələrdə tətbiq olunub. Ona görə həmin müəssisələrin istehsal etdiyi mallar xarici bazarlara çıxa bilir. Əsasnamədə də bu cür əhəmiyyətli məsələ qarşıya qoyulub. Onun öhdəsindən gəlmək üçün bu agentliyə çox professional kadrlar yığılmalıdır”.
E.Hüseynovun sözlərinə görə, hazırda ən çox dərmanların, spirtli içkilərin və tütün məmulatlarının keyfiyyətinə nəzarətin vacib olduğunu vurğuladı: “Hazırda mənim masamın üzərində Azərbaycanda dövlət qeydiyyatına alınmış, artiklları eyni olan, tərkibi isə müxtəlif olan şəkər xəstələri üçün olan dərmanlar var. Onlar yanvar ayında qeydiyyata alınıb və apteklərdə satılır. Mən dövlət orqanları qarşısında bu halların aradan qaldırılması üçün məsələ qaldırmaq istəyirəm. Ukraynadan, Braziliyadan məlumatlar əldə etmişik ki, həmin dərmanlar yararsız dərmanlardır, lakin Azərbaycanda satılır. Çox istərdim ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə də diqqət yetirsin. Elmi bölgüdə siqaret və tütün məmulatları qida məhsulu hesab olunur. Mən çox istərdim ki, tütün məmulatlarının keyfiyyətinə də Qida Təhlükəsizliyi Agentliyi nəzarət etsin. Bundan başqa ən böyük problem spirtli içkilər seqmentindədir. Təsadüfi deyil ki, 3 ay bundan əvvəl Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarəsi bir neçə fakt ifşa etdi. Xaricdən gələn spirtli içkilərin 70 faizinin saxta olduğunu sübut etdi. Ondan sonra süd və süd məhsulları, meyvə şirələri və sair məhsullar gəlir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas müsbət dəyişiklik odur ki, ilk dəfə olaraq paralel strukturların digər nazirliklərdə qalmasının qarşısı alındı: “Bu agentlik yaradılarkən mətbuat vasitəsilə bir neçə dəfə təkliflər də vermişdik ki, paralellik aradan qaldırılmasa effektiv idarəetmə mümkün olmayacaq. Yeni agentliyin effektiv idarə olunmasından söhbət gedə bilməyəcək. Paralelliyin aradan qaldırılması baxımından bu müsbət bir addımdır. Amma başqa bir məsələ də var ki, hələlik bu tam aydın deyil. Qida Agentliyi publik hüquqi şəxsdir, bir çox hallarda pullu xidmət göstərəcək. Həmin laboratoriyalarda aparılan yoxlamaların istehsalçılar və ya ixracatçılar üçün məcburi olub-olmayacağı, və ya hansı müqavilə şərtləri daxilində həyata keçiriləcəyi, bunun qiymətlərinin necə olacağı ilə vəziyyət hələ ki, qeyri-müəyyəndir, hələ ki, bir aydınlıq gətirilməyib. Qiymətlərin də qalxması ehtimalı var. Qida Təhlükəsizliyi Agentliyi publik hüquqi şəxs olduğu üçün həmin laboratoriyalarda aparılan bütün incələmələrin müəyyən dəyəri olacaq, bu dəyər də biznesin üzərinə yüklənəcək. Bunların qiymətlərinə hələ ki, bir aydınlıq gətirilməyib. Doğru olan odur ki, qiymətlər çox artırılmasın. Çünki biznesin çəkdiyi istənilən leqal və ya qeyri-leqal xərclər son nəticədə əhalidən çıxır. Həmin xərclər məhsulun ümumi maya dəyərinin üzərinə gəlir və son nəticədə bahalaşmaya gətirib çıxarır. Laboratoriyaların Qida Təhlükəsizliyi Agentliyinə birləşdirilməsi, paralel strukturların ləğv edilməsi yerində verilmiş pozitiv qərardır, amma gələcəkdə qiymətlərlə bağlı hər hansı ciddi dəyişiklik olacaqsa, bu biznesin üzərinə əlavə yük kimi düşə bilər. İndi əsas məsələ bu qiymət siyasətinin düzgün aparılması olmalıdır”