Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib. Reqlament təsdiq edildikdən sonra Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Məruzəçi qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.
Polis general-mayoru Ramiz Zeynalov bildirib ki, həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Belə ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Baş idarə rəisi əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib, onların üzərində ətraflı dayanıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar. Müşavirəyə yekun vuran daxili işlər naziri R.Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.
Cənab Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib. Nazir yol hərəkətinin bütün iştirakçılarına müraciət edərək onları qaydalara ciddi riayət etməyə, bununla da həyat və sağlamlıqlarını qorumağa çağırıb.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə göstərəcəyinə əmin olduğunu bildirib. Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup yol polisi əməkdaşının təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.