Artıq 3-cü ildir ki, “Camping Azerbaijan” komandası kənd uşaqlarının nağıl dünyalarına rəng qatmaq üçün Şaxta Babanı ucqar dağ kəndlərinə qonaq aparır. Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq ucqar kəndlərə çatmış Şaxta baba balacalara sevinc bəxş edib. Ötən illərdən fərqli olaraq bu il iki marşrut xətti ilə yol düşən layihə üzvləri “Qafqazinfo”ya layihə ilə bağlı təəssüratlarını bölüşüb.
Böyük həyəcanla yeni marşrut xəttinə başçılıq edən layihə rəhbəri Cavid Qara uşaqların böyük bir maraqla onları qarşıladığını söyləyib:
“İnsanlar istəyir ki, Azərbaycanın çox bölgəsində olaq. O xahişləri səmimi qəbul edirik, ancaq öz potensialımıza uyğun olaraq kəmiyyətdən daha çox keyfiyyətə üstünlük veririk. Bu ilki hədəfimiz 1000 uşağa hədiyyə paylamaq idi. Toplanan hədiyyə və vəsaitə əsasən ümumilikdə 741 uşağa hədiyyə verə bildik. 10 gün ərzində ənənəvi marşrut üzrə 13 kənddə 434 uşağa, yeni marşrutda isə 10 kənddə 307 uşağa hədiyyə payladıq. Hədiyyələrlə bağlı kriteriyalarımız var. Məsələn, dini, gender bərabərsizliyini, içki və siqareti təbliğ edən hədiyyələri qəbul etmirik. Bu il daha çox kitab və dəftər ləvazımatlarına üstünlük vermişik”.
Səfər əsnasında layihə iştirakçıları gözlənilməyən hadisəylə qarşılaşıb. Belə ki, Qubanın Muçu kənd məktəbinin direktoru Şaxta babanı kəndə girməyə qoymayıb. Sonradan məlum olub ki, qış fəsli olduğu üçün uşaların çoxu dərsə getmir və direktor da bundan narahat olub. Elə bilib ki, onlar məktəbdə yoxlamalar aparacaq:
Vaxt məhdudiyyətimiz olduğu üçün bu il həmin kəndə getmədən yola davam etmək qərarına gəldik. Eşitdik ki, layihəmizi televiziyada görən kənd sakinləri direktoru xeyli danlayıb. Daha bir xoşagəlməz hal isə 3 dağçımız itkin düşməsi oldu.
Bu xəbər bizə layihənin ikinci günündə gəldi və komandada bir qədər ruh düşkünlüyü yarandı. Ancaq yüzlərlə insanın sevgisi və ümidini toplamış bir layihəni yarımçıq qoyub qayıda bilməzdik. Odur ki, komandamızdan aramızda təcrübəli olan iki dağçını axtarışlar üçün könüllülərin yanına göndərdik və biz yolumuza davam etdik.
Elvin Məmmədsoy ilk günlərdə şaxta baba qiyafəsində uşaqlar hədiyyə paylasa da, nigaran olduğu üçün sonradan itkin düşmüş dağçıların axtarışına qoşulub:
"Layihəsinin əsas məqsədlərindən biri dağ turizminin təbliğatı olduğu üçün kəndlər arası məsafəni ayaqla qət etməyə üstünlük veririk. İlk günlərdə hava şəraiti çox pis idi. Güclü küləklər bir çox təsərrüfatın, evlərin dam örtüklərini zədələmişdi. 26 Dekabr tarixində ənənəvi marşurutumuzun ilk çətin aşırımı olan Adur-Haput aşırımını keçdik. Yüksək motivasiya ilə gecələmək üçün Xınalıq kəndinə getdik. Ancaq orada dağçı dostlarımızın itməsiylə bağlı xəbəri eşitdik. Bizim aşağı kəndlərdə küləklə qarşılaşdığımız vaxt dostlarımız tufana düşmüşdülər. Gecəylə Bakıdan peşəkar alpinist qrupu gəlmişdi. Səhəri gün içimdə böyük narahatçılıq hissi ilə Şaxta baba funksiyamı yerinə yetirirdim. Ətrafımda toplanan uşaqlara hədiyyə paylayıb, bayramlaşırdım. Bu ərəfədə Tufandağ ətrafında dövrə vuran helikopterdən diqqətimi ayıra bilmirdim. Odur ki, komanda olaraq müzakirə etdik, Toğrul Cəfərov və mən növbəti gün axtarış komandasına qoşulduq. Komandamızın digər 3 üzvü marşurut üzrə yola davam etdi”.
Son olaraq oradakı ab- havanı, xüsusilə də uşaqların gözlərindəki sevinci bizə fotoları ilə çatdıran fotoqraf Elşən Baba layihənin başlanmasına 2 gün qalmış getmək qərarı alıb. Bu yol ona uzun və çətin görünsə də, həvəsi tərəddüdlərinə üstün gəlib və layihəyə qoşulub:
“Yol tədarüküm, dağ yürüşünə uyğun ayaqqabım, su keçirməz və eyni zamanda şaxtadan məni qoruyacaq geyim dəstim yox idi. Qısa müddət ərzində ləvazimatları toplaya bildim. İlk dəfə idi piyada bele uzun yol gedirdim, qrupda hər zaman arxada gedirdim, çətin idi. Təcrübəsizliyimdən özümlə lazımsız çox geyim götürmüşdüm. Bilsəydim ki, bu 10 gün ərzində yalnızca 1 dəfə duş qəbul etmək şansımız olacaq, bunu etməzdim. Bəzi yerlərdə qrup üzvləri maşından istifadə edəcəyimizi deyəndə sevincimi onlardan gizlədirdim. Mənə layihəni fotolarla sizlərə təqdim etmək tapşırılmışdı. Uşaqların sevincini görmək, onların həqiqətən şaxta babanın var olduğu və dağlardan aşıb gəldiyi təsəvvürünü reallaşdırmaq anladılmayacaq bir həzz idi”.
Günel Hacı