Məlum olduğu kimi Təhsil Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən xüsusilə kadr məsələlərində yol verilən bir sıra nöqsanlar bu sahədə ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa əlləri vərdiş etmiş məmurlar isə bu vərdişlərindən heç cür əl çəkə bilmirlər. Hətta bəzən insanda elə təəssürat yaranır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələ də əyalətlərə gəlib çatmayıb. Redaksiyamıza daxil olan məlumatlarda Yardımlı rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Manaf Balışovun öz işində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmışdır. Məlumatlarda bildirilir ki, RTŞ müdiri rayon məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaitləri mənimsəyir. Hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. Aldığımız şikayət məktublarından birində iddia olunur ki, Manaf Balışov müəllimlərin may-iyun əmək haqqlarından 25-30 manat toplanmagına sərəncam verib. Bundan başqa da məzuniyyət pullarından da 50 manat tutulmasını tapşırıb: “Biz sizin vasitənizlə Təhsil Naziri Mikayıl Cabbarova uz tutub yardım diləyirik. Cənab nazir, bizə yardım edin və bu bəlanı bizim üzərimizdən götürün. Bütün bunlara səbəb Maliyyə Nazirliyinin RTŞ-də apardığı yoxlamanın nəticələridir. Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində külli miqdarda mənimsəmə aşkar olunub. Manaf Balışov isə bunun müqabilində yoxlamanı bizim hesabımıza “bağlamaq” istəyir. Müəllimlərə nə əmək haqqı veririlər ki, pulumuzun bir hissəsini də onlara verək? İl boyu Manaf Balışov isə təhsili yeyib dağıdir və kimsəni də saymır...”
Lakin Yardımlıdan bu məzmunda şikayət ərizələri təkcə bizim qəzetə daxil olmur. Digər mətbu orqanlarında dərc olunmuş materiallarda oxuyuruq: “Möhtərəm Prezidentin 14 yanvar 2011-ci ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sərəncamından sonra, bizim rayonda rüşvətxorluq daha da inkişaf edərək görünməmiş həddə çatıb. Təsəvvür edin ki, müəllimlərdən alınan rüşvət beş-altı dəfə artırılıb. Bu gün işə düzəlmək üçün 2000-dən 4000 manatadək pul tələb olunur. Bütün rayon bilir ki, bu məbləği verə bilməyənlərə təhsil şöbəsində hər-hansı bir bəhanə ilə mane olurlar. Doğrudur, söyləyə bilərsiniz ki, işə götürülən müəllimlərin əmri Təhsil Nazirliyində verilir, bunun rayon Təhsil şöbəsinə heç bir aidiyyatı yoxdur. Amma bu da bir həqiqətdir ki, kəndimizdə, lap elə qonşu kəndlərdə də, elə insanlar vardır ki, ali pedaqoji təhsil alıb, əsgəri xidmətini başa vursa da, hətta Təhsil Nazirliyinin test imtahanlarından keçsə də, Təhsil şöbəsində tələb olunan pulu verə bilmədikləri üçün işsiz qalıblar. Amma əvəzində hansısa kolleci çətinliklə bitirən, hərbi xidmətdə belə olmayan (pul gücünə hərbi bilet alan), Təhsil Nazirliyinin test imtahanlarından şəxsən keçməyən adamlar verdikləri rüşvətin hesabına bu gün müəllim işləyirlər...” Yerli mənbələrin, rayon ziyalılarının yekdil rəyinə görə bu gün Yardımlıda təhsil adına heç bir şey qalmayıb. Gözdən uzaq olan Yardımlı rayonunda təhsil şöbəsinin müdiri Manaf Balışov rayonda təhsili məhv eləmək üçün hər şeyi edir.
Bu barədə Yardımlıdan müxtəlif instansiyalara ünvanlanan çoxsaylı şikayət məktublarında bildirilir. Qeyd olunur ki, bu gün Yardımlı məktəblərində demək olar ki, dərs keçilmir. Şagirdlərin dərslərə davamiyyəti çox aşağı səviyyədədir. Müəllimlər isə öz çörək pullarını qazanmaq üçün təhsildən kənar işlərlə məşğul olurlar. Amma elə müəllimlər də var ki, il boyu məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri Manaf Balışov tərəfindən götürülür. Manaf Balışov isə məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Taarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan şöbə müdiri bu yolla büdcədən ayrılan dövlət vəsaitlərini də mənimsəyir...