Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nda dəyişikliklər edib.
“Yenimeydan.info”nun APA-ya istinadən məlumatına görə, bu Qaydalar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri (bundan sonra - xidmət bölmələri) tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir.
Bu Qaydaların məqsədləri üçün sənədlərin dövriyyəsi dedikdə, daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin kağız daşıyıcıda və ya elektron formada qəbulu, yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və (və ya) bildirişin verilməsi nəzərdə tutulur. Bu hüquqi hərəkətlərin həyata keçirilməsi ilə bağlı çıxarış və (və ya) bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbəri tərəfindən təsdiq edilir, sənədlərin qəbulu və verilməsi şöbəsinin məsul şəxsi tərəfindən qeydiyyata alınır. İndiyə qədər dövlət reyestrindən çıxarış və (və ya) bildiriş ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunub.
Dəyişikliyə əsasən bundan sonra hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunacaq və ya elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin çıxarışı elektron üsulla əldə etməsi imkanı təmin olunacaq. Çıxarış kağız formada təqdim olunduğu təqdirdə, ərizəçi “sənədlərin verilməsi jurnalı”nda sənədi aldığını öz imzası ilə təsdiq etməlidir. Bildiriş isə yenə ərizəçi “sənədlərin verilməsi jurnalı”nda bildirişi aldığını öz imzası ilə təsdiq etdikdən sonra ona bilavasitə təqdim olunacaq.