Xeyli vaxtdır yol hərəkəti qaydalarını pozan piyadalar barəsində cərimələrin artırılmasının, guya ki, zəruriliyi təbliğ olunur. Bunun heç bir hüquqi və faktiki əsası yoxdur.
Yenimeydan.info Milletinsesi.az-a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov piyada məsuliyyətinin artması üçün cərimələrin qaldırılması məsələsinə münasibət bildirərkən deyib. Ə.Hüseynovun fikrincə, piyada intizamsızlığında cərimənim məbləği əhəmiyyətli rol oynamır:
“Kim müəyyən etdi ki, piyadalar məhz cərimə az olduğuna görə intizamsızdırlar? Əlbəttə, heç kim. Mən əminəm ki, piyada intizamsızlığında cərimənim məbləği rol oynamır. Deyilir ki, piyadalar cərimələri ödəmirlər. Belədirsə, artırılan cəriməni daha pis ödəyəcəklər. Cəriməni artırmaqla onun ödənilməsini stimullaşdırmaq kimi fikir paradoksaldır, absurddur. Cərimə artıqda ödəniş çətinləşəcək, vətəndaşla dövlət orqanı arasında yeni, lazımsız hüquqi problem yaranacaq”.
Ə.Hüseynov bildirib ki, piyadaları intizamlı etmək üçün əsas hədəf dünyagörüşünü və həyat tərzini dəyişən maarifləndirmə olmalıdır:
“İnsanları "Cərimə olunacaqsan!" deməklə yox, "Bu sənin üçün təhlükəlidir, ölə və ya şikəst ola bilərsən!" deməklə maarifləndirmək lazımdır. Bu təbliğatın hədəfi avtomobilləşmiş cəmiyyətdə yaşam qaydalarını kütləvi mənimsəmək olmalıdır.
Digər önəmli məsələ isə piyada məsuliyyətinin labüdlüyü olmalıdır. Piyada bilməlidir ki, qaydalar hər yerdə, o cümlədən ucqar küçədə də qaydadır, onları orada da pozmaq olmaz, pozanda isə cərimə qaçılmaz olacaq. Digər zəruri işlər də var, amma əsas bunlardır. Cəriməni artırmaq isə yolverilməz və əhəmiyyətsizdir”.