"Kristal Abşeron”un devizi "Xəyallarınızı inşa edirik” olmasına da əsla inanmayın. Əvəzində xəyallarınız başınıza uçacaq.
Sözgedən MTK-nın rəsmi saytında "Sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir” tipli pafoslu cümlə də reklamdan başqa bir şey deyil. MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyev olmasına baxmayaraq, o, vətəndaşların problemlərini həll etmək üçün baş sındırmaq əvəzinə, onların başına oyun açır.
Atalarımız boş yerə "Başına gələn başmaqçı olar” deməyiblər ki… Bu yazı nə anti-reklamdır, nə də qərəz. Bunu biz yox, "Kristal Abşeron”un sakinləri deyir.
Məsələn, Mehdi Mustafayev adlı şəxs "Kristal Abşeron”dan ev almaq eşqinə düşüb və sözügedən yaşayış kompleksində yaşayan sakinlərə məhz oradan mənzil almaq istədiyini, bunun üçün də məsləhətə ehtiyacı olduğunu söyləyib.
Mehdi bəyə yazılan cavablara diqqət yetirək:
Soyadı Məmmədzadə olan sakin Mehdiyə belə cavab verib: "Qardaş, nə sən sual paylaşdın, nə biz gördük. Qaçaraq uzaqlaş. Belə problemlərdən bəzilərini deyim bəlkə bəs edər. İsti suyun kubu 3.5 manat, istilik evin hər kvadrat metrinə 0.80 manat (istilik verildi, verilmədi və sən evdə yaşadın yaşamadın), quş damı kimi eyvanlar, keyfiyyətsiz təmir, bahalı market, digər keyfiyyətsiz xidmətlər və s. və ilaxır.
Əliyev Anar isə heç düşmənə də, "Kristal Abşeron”da yaşamağı arzulamır: "Heç düşməninə də buradan ev almağı məsləhət görmə”.
Xilqət Yahya isə məsələyə satirik yanaşıb: ”Mehdi qardaş, 3 dəfə "əuzu billahi minəş-şeytanir-rəcim” de. Burada ev alanlar hansısa böyük günah sahibləridir. Bu gün gözəl cümə günüdür, tovbələrin qəbul olunan günüdür, dua elə çoxlu.
Əsgər Vəliyevin də fikri digərləri ilə eynidir: "Qardaşım, get kirayələrdə yaşa. Bura verəcəyin kreditə şəhərdə ürəyin istədiyin tip və otaqlı evdə yaşayarsan”.
Eşqin Qadaşov da "Kristal Abşeron”dan ev almaqla səhvə yol verdiyini etiraf edir: "Başımızı soxacaq daxmamız olsun deyə, bir səhvdir etmişik. İndi də başımıza gətirdikləri oyun qalmayıb. Buradan uzaq dur! Köhnə ev al, amma təmiri normal olsun”.
Sevinc Mamedova adlı xanım isə "Kristal Abşeron”dan narazılığını bu şəkildə ifadə edib: "Bu gün istilik problemi ilə əlaqəli komendantlığa yaxınlaşdım. Bildirdim ki, sizin işinizi bacarmamağınız, öhdəliklərinizi yerinə yetirə bilməməyiniz səbəbindən bizim ailələrimiz, körpələrimiz, yaşlı valideynlərimiz əziyyət çəkir. İstilik problemi nə vaxt həll olunacaq? Komendantın cavabı: 2 günə, 5 günə, 1 həftəyə, biz özümüz də bilmirik nə vaxta həll olunacaq. Amma çalışırıq. Səbəb kimi qazın olmaması göstərilir. Sözsüz ki, bu bir nağıldır. "Azəristiliktəchizat”ın binaları 15 noyabrdan etibarən istiliklə təmin olunubdur. Eyni ölkənin ərazisində yerləşməsinə baxmayaraq, "Kristal Abşeron” mənzillərə istilik verə bilmir. Demək ki, Kristal ayrıca planetdir. Respublika içində respublikadır. Hansı ki, öz qanunları var. Diqqət yetirin! Külli miqdarda pullarımızı mənimsəyən MTK heç özü də problemin nə zaman həll olunacağını bilmir. Minlərlə insanın taleyi, sağlamlığı onlara maraqlı deyil. Onları yalnız pul maraqlandırır”. (Yenicag.Az)