Nazirlikdən bildirilib ki, dövlət büdcəsindən peşə təhsilinə ayrılan vəsait ilbəil artmaqdadır:
“Əgər 2007-ci ildə dövlət büdcəsindən ilk peşə-ixtisas təhsilinə 16.4 milyon manat vəsait ayrılmışdırsa, 2012-ci ildə bu rəqəm 30.6 milyon manata qədər artıb. Bu barədə məlumat Təhsil Nazirliyindən verilib. Vəsaitin 86,3 faizi əmək haqqı, təqaüd və kommunal xidmətlərin ödənilməsinə sərf edilib. Bu baxımdan peşə təhsilinin sürətli inkişafı üçün ayrılan vəsait kifayət etmir. Növbəti illərdə peşə təhsilinə ayrılan vəsaitin həcminin artımı gözlənilir”.
Bundan əlavə, Dövlət Proqramının icrası ilə əlaqədar 6.408 milyon manat məbləğində vəsait ayrılıb. Bu müddət ərzində beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə bir sıra layihələr həyata keçirilib. Bu layihələrin ümumi dəyəri 4 milyon avroya yaxındır: “Lakin bu vəsaitlərin böyük hissəsi məsləhət xidmətlərin həyata keçirilməsinə, tədris səfərlərinin təşkilinə, müxtəlif dərslik və dərs vəsaitlərinin hazırlanmasına sərf olunub. Bununla yanaşı, həmin layihələr çərçivəsində bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib”.