Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən Nəqliyyat Nazirliyinin keçmiş sözçüsü Namiq Həsənov uzun susqunluqdan sonra görünməyə başlayıb.
O rəhbəri olduğu saytda kifayət qədər maraqlı sayıla bilən köşə yazısı ilə çıxış edib.
Yenimeydan.info BakuPost.az-ın "Kora güzgü verməyin!!!” başlıqlı yazısını heç bir şərh vermədən təqdim edir:
"Azançının azanı, kor mollanın qazanı” söhbəti olmasın, hərdən və bəzən də həmişə mənə elə gəlir ki, hamı öz yerindədir, heç kim öz yerində deyil. Ya da hamının ehtiyacı var, heç kimin ehtiyacı yoxdur. Yox, deyəsən bu başqa kinodandır, Qurban müəllim demişkən…
Hədəfi dəqiq nişan almaq, kimə nə lazımdırsa, onu vermək gərəkdir. Aca çörək, işsizə iş, çirkinə gözəl çöhrə, zalıma insaf, namərdə dərd, xainə sədaqət, qaçqına VƏTƏN…Siyahı uzundur, həm də enli-dərdlərim kimi. Deyəsən, yenə komsomol kimi başladım "hətərən-pətərən” danışmağa. Yazının mustafası odur ki, hər şey öz ünvanına layiq olmalıdır. İgidə əza, oğruya cəza, düşmənə qəza, uçana fəza… Bu siyahı da uzundur və enlidir-arzularım kimi…
Deyirəm, dilənçiyə sədəqə verin, əxlaqsıza qeyrət, mollaya ərəb dili, çobana qoyun, fəhləyə çəkic, kəndliyə oraq, müdirə katibə, məmura sürücü, yazara qələm. Necə yaraşır, Sizcə?..Bax, elə dediyim də odur ki, yayı çəkib oxu atmazdan öncə dəqiq fikirləşək-əməlimizdən fayda olacaqmı?
Bəzən korlara həsəd aparıram. Biz görəni görmədikləri üçün yox, onların "gördüyünü” görmədiyimiz üçün.
Əgər bu yazıya yazı demək mümkündürsə, bu yazıda söhbət təkcə fiziki qüsurdan deyil, daha çox mənəvi korlardan gedir.
Əzabdan gözü tutulanlar ("Qərib cinlər diyarında”da Bəni-Adəm), həsrətdən gözü tutulanlar ("Dədə Qorqud”da oğlunun yolunu gözləyən Bəybura), sevgidən gözü tutulanlar (şair demişkən, "kor qalıb, verərdim gözümü sənə…”) və harınlıqdan gözü görməyənlər var..
Elə ikigözlü məxluqlar var ki, təkgözlü Təpəgözdən acgözdür…
İndi hər şeyin yeri o qədər qarışıq düşüb ki, gözü görən əsaya, kor isə güzgüyə baxır. Kor tutduğun buraxır, görən buraxmır. Kor kora kor deyir, bağrı da çatlamır.Az qalıb ki, "Kor ərəbin mahnısı”na oynayaq…
Əvvəllər deyərdilər ki, sevginin gözü kor olur, amma indi gözlər linzalaşıb, sevgilər optikləşib.Göz görmür, könül sevir. Görməyən Könülü isə görən Məcnun sevmir. Dədəsinin gözü çıxarılan hər Rövşən də Koroğlu olmur.
Yazının əvvəlində demişdim ki, bu o kinodan deyil. Ona görə başqa bir kinoda deyildiyi kimi, "Deyirəm, bəlkə keçək atalar məsəlinə…
"Korlar şəhərində güzgü satmazlar…”
"Kor at gecə də otlayar”.
"Korla çörək kəsəndə insafı arada gör”.
"Kor atın kor nalbəndi olar”.
"Kor leyləyin yuvasını Allah tikər”.
Belə… Sonuncu misala uyğun olaraq yaxşılıq edək, qalanı düzələr. KOR DAHİLƏRİN YARATDIQLARINI UNUTMAYAQ. Adlarını yazıb vaxtınızı çox almayım.Yazım budur, kor-kor, gör-gör. Bu yazını oxuyandan sonra ağlınıza ilk gələn fikir yəqin bu olar: "Kor dedi, GÖRÜRƏM, kar dedi, EŞİDİRƏM, çolaq dedi, DURUN, QAÇAQ…”
Bir məsəli də unutmayaq -"Kor nə istər, iki göz, biri əyri, biri düz”. Ona görə də KORA GÜZGÜ VERMƏYİN, cənablar!!! ""Mən ki gözəl deyildim” filmində oğlunun cəbhə xəbərini gözləməkdən kor olan və bunu əllərini sürtməklə poçtalyonun gözündəki yaşdan bilən Rəhim kişi kimi hayqırmaq istəyirəm -"MƏNİ EŞİDİRSİNİZMİ, AY ADAMLAR!!!”
Nə isə…Gözümüzdən olsaq da, özümüzdən olmamaq ümidi ilə,
Namiq HƏSƏNOV