"Elə şeylər var ki, onları açıb demək olmur. Mən ona görə indi danışmaq istəmirəm. İndi danışmağım məhkəməyə təsir etmək kimi çıxar. Görək məhkəmənin hökmü nə olacaq, ondan sonra deyərəm ki, nə var, nə yox. İndi nə danışsam, məhkəməyə təsir kimi olar”.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Modern.az-aaçıqlamasında sabiq deputat Qalib Salahzadə (Hacı Qalib) oğlunun həbsindən danışarkən deyib.
O, oğlu Əlihüseyn Salahzadənin həbsinin kimlərəsə lazım olduğunu bildirib.
"İki cavan oğlan bir-birini başa düşməyib, dava ediblər. Burada nə var ki? Hətta zərərçəkmişi 3 dəfə məhkəməyə çağırıblar. O da məhkəmədə deyib ki, "mənim bu adamdan şikayətim yoxdur. Mən onu bağışlamışam”. İndi isə kimlərsə bu işi şişirdir. Yəqin ki, oğlumun həbs edilməsi kimlərəsə lazımdır. Burada başqa şey yoxdur”.
Qeyd edək ki, eks-deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Hazırda iş üzrə məhkəmə davam edir.